SÜLEYMAN ABDULLA - GEDƏRGİ ŞEİR
Hər şey keçərgidir, dost,
Yel əsər, keçib gedər.
Ağaran başda seyrək,
Tel əsər, keçib gedər.
Əbədi deyil hər iz,
Fərqi yox şah, ya kəniz...
Əl titrər, bükülər diz,
Bel əsər, keçib gedər.
Hər şeydə var bir nədən,
Dəmirdən deyil bədən.
Yeri-göyü titrədən,
Sel əsər, keçib gedər.
Qiyamətə qurd qalar.
Qalsa, vərəvurd qalar.
Oba köçər, yurd qalar,
El əsər, keçib gedər.