Məmməd Qədir - Yazmağa
Sevdim adını da, səni sevəndən,
Ölürdüm adınla qoşa yazmağa.
Ürəyində məni görməsən də sən,
Bezib yorulmurdum boşa yazmağa.
O qədər çiçək var, ürəyə yatmır,
Kimsə səndən qeyri ruhu oyatmır,
Neyləyim, qısadı, qələmim çatmır,
Göydə kəpənəyə, quşa
yazmağa.
Eşq Allah əmridir, nə şübhə, şəkk et,
Bu yola qoşulub özünlə tək get,
Bacarsan sevgimi alnına həkk et,
Nə var ki, ürəyə, başa yazmağa.
Sevgidə birinci düşməndir qürur,
Zülmətə qərq edər, çəkilər o nur,
Sonra kirpiyini göz yaşına vur,
Başla əzabını qaşa yazmağa.
Bir günüm qaradı, bir günüm bəyaz,
Qıyma gül-çiçəksiz saralsın bu yaz,
Nə olar adımı taleyinə yaz,
Tələsmə o qara daşa yazmağa.
Məmməd, son durağa qovma ilhamı,
Hələ ki, gur yanır Tanrının şamı,
Onsuz da ölməyi bacarır hamı,
Bacar yaşamağa, yaşa yazmağa...