Südabə Sərvi - DEDİLƏR SƏN MƏNİ XATIRLAMISAN...

Ədəbiyyat 13:00 / 29.01.2026 Baxış sayı: 646

 

 

Dedilər sən məni xatırlamısan,

Ah çəkib halımı soruşmusan da

Gözünün yaşını sıxıb ovcuna

Hicranın oduna "alışmısan" da...

 

Sənin əlindəydi ömrüm bir zaman,

Xəyanət odunda yandırdın onu

Alıb əllərinə sevən qəlbimi,

Billur şüşə kimi sındırdın onu.

 

Elə düşünmə ki peşmansan deyə,

Yatmış məhəbbətim oyanacaqdır

Bu nisgil qəlbimə dağ çəksə belə,

Qürurum qarşımda dayanacaqdır!

 

Daha nə qalıb ki səndən xatirə,

Hər yolun, çığırın indi meşəlik...

Artıq o günləri ağır yük təki

Atmışam çiynimdən mən həmişəlik!

 

Get, get, o həyatın, o da sən özün,

Səni yada salıb anan deyiləm.

Daha mənim üçün nə etsən belə,

Bir də o günlərə dönən deyiləm!

 

Bir zaman qəlbini daşa döndərib

Tərk etdin bu eşqi söylə, necə sən?

Deyirdin peşiman olmaram heç vaxt,

"Qürurlu sevgilim", indi necəsən?