Sevinc Qərib-  MƏNİM ÜRƏYİM

Ədəbiyyat 20:22 / 29.01.2026 Baxış sayı: 248

 

Mənim ürəyim sənin ürəyin kimi

çoxotaqlı varlı mənzilinə bənzəməz.

Biradamlıq çarpayıda nəfəsini bölüşən

iki aşiqin eşq hərarəti var mənim ürəyimdə.

Yaşanmayan ev kimi ölü, nəfəs toxunmayan

pəncərə kimi cansız deyil mənim ürəyim.

Mənim ürəyimin divarları sevgidən hörülüb

içində olanlar sevgiylə qorunur.

Kasıb komalarının köhnəlmiş damından

yağış daman kimi

göz yaşı damar, ağrı damar mənim

ürəyimdən hərdən.

Mənim ürəyim üç-beş dost sığacaq qədər

geniş,

əzablarını içində boğacaq qədər dardı.

Ucsuz-bucaqsız çöllərə layla çalan qatarlar

kimi

Mənim də ürəyimin öz laylası var,

sevgidən başlanır, sevgidə bitir bütün notlar.

Birnəfərlik kupe kimidi mənim ürəyim,

bileti əlində qalar, keçməyə həddi olmaz

hansısa sərnişinin...

Sən o balaca otağa necə sığmısan bilmirəm,

rahatca gəzib dolaşırsan künc-bucağında.

"Zəbt etdiyin" bütünümün evi, yaşamağa

davam yeri olmusan.

Mənim ürəyimin mətbəxi, dincəlmək,

yemək hücrəsi

divarlarına hörülən sən adlı sevda çırağıyla

işıqlanır,

Acanda xatirələrdən süfrə qurur,

hər xatirənin yanına bir şeir düzür çörək əvəzi.

Hər gecə yuxuları aldadıb ürəyimə köçürəm

səliqəyə salıram dağınıq eşq süfrəsini,

gündüz tökdüklərimi yığıram öz yerinə.

Sonra öpüb gözündən enirəm yatağıma,

Gecə də layla çalır dizlərində uyuyan

o bəxtəvər qadına...