Şövkət Qulam qızı Horovlu - QORXURAM

Ədəbiyyat 17:11 / 29.01.2026 Baxış sayı: 308

 

Harda gəldi ağlamağa nə var ki,

Qana dönüb axan yaşdan qorxuram.

Çay daşını tullamağa nə var ki,

Yolumdakı o sal daşdan qorxuram.

 

Başdan-başa şər, böhtandır bu aləm,

Can talayır , qəm gətirir dəmadəm.

Xəyanəti namərd edər bilirəm,

Dönük çıxan zay qardaşdan qorxuram.

 

Qoca dünya ümidimi qırıbdır,

Sinəm üstdə qəm qalası qurubdur.

Ağlım,duyğum qabaq-qənşər durubdur,

Beynimdəki bu savaşdan qorxuram.

 

Könül yenə xəyal quşun uçdumu,

Dağlar -dedim,yuxun yenə qaçdımı?

Qızıl güllüm tabaq-tabaq açdımı?

Qəfil düşən qar-yağışdan qorxuram!

 

Horovluya bir meyardır halallıq,

Anlamaza nə ləyaqət , nə qılıq?

Bir tərlandı-əldən uşub cavanlıq,

İldən -ilə artan yaşdan qorxuram!

                2006-cı il