AY Bəniz Əliyar - Elə... Belə...
Dağı düzə, düzü dağa,
daşı elə, daşı belə.
Gir yenə soyuq yatağa,
üşü elə, üşü belə.
Düşünmə artıq gerisin,
qoy dağı duman bürüsün.
Burax qarğalar sürüsün
leşi elə, leşi belə.
Bax, qar yağır yenə tək-tək,
gözünü yum, yuxunu çək.
Yoxsa arvad deyinəcək,
"kişi elə, kişi belə."
Yadlara getsin hər qadan,
dərddən anlamaz ki, nadan.
Fikir versən,10 adamdan,
beşi elə, beşi belə.
Vardan pay ummur Yaradan,
varı da silir aradan.
Nəyə gərək, zər-xaradan
döşə elə, döşə belə?