Rəfail Tağızadə -

Dəli sakiniyəm divanə evin

 

Ədəbiyyat 21:45 / 29.01.2026 Baxış sayı: 204

Ağdamda evini axtaran anaya

 

Mən sənin dərdinəm, göz yaşlarınam,

Sürünən ayağın, əsən əlinəm.

Ümidi qeyb olan, gümanı itən,

Çoxdan axtardığın həmin dəliyəm.

 

Dəli sakiniyəm divanə evin,

Gömülən daşlar da mənimtək xəstə.

Əlinin izini tapa bilməyən,

Hör məni o sökük bünövrə üstə.

 

Sovulan həyatda nə həyət-baca...

Darvaza yerində yulğunlar bitib.

Xatirə xəyalı yediyi gündən

Mənim varlığımın mənası itib.

 

Axtarıb evini tapa bilməmək

Dünyanın ən ağır yaşam səhnəsi.

Evin sökük daşı çağıra səni,

Aza tərəddüddə “həə” kəlməsi.

 

Yolun, yolağan yox, izin tapıla,

İtən çəpərlərdə həyətlər olmur.

Divarsız evlər də boş qəbir kimi.

İçinə girirəm, ...dolmur ki, dolmur.