Sən demə, qəhrəmanla bir evdə yaşamışam…

YAZARLAR 13:53 / 29.01.2026 Baxış sayı: 641

 

Vətən Müharibəsi başlayanda Səddam 18 yaşında əsgər idi. O, ailəsindən xəbərsiz cəbhəyə yollandı. Səddam Suqovuşan uğrunda gedən döyüşlərdə 30-dan çox canlı düşmən qüvvəsini məhv etdi. Yaralı əsgər yoldaşlarını və komandirini döyüş bölgəsindən çıxararkən qəhrəmancasına şəhadətə ucaldı...

Səddamın atası deyir ki, oğlum müharibədə ürəklə döyüşüb. Yoldaşları, komandirləri deyirlər ki, döyüşlərdə ondan öndə heç kim olmayıb. Səddam haqqında o qədər xoş sözlər eşitdim ki, sən demə, evimdə bir mələk varmış. Demə, qəhrəmanla bir evdə yaşamışam. İgid oğullarımız qanları ilə Zəfər tariximizi yazdılar. Onları unutmaq olmaz. Bu oğulları həmişə, hər dəqiqə yad etməliyik.

Səddamın anası deyir ki, oğlum 18 yaşında şəhadətə ucalıb. Qorxmaz bir uşaq olub, bir ana üçün danışmaq çox ağırdı, amma onunla qürur duyuram…

Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Səddam Ələddin oğlu Bayramovun doğum günüdür. O, 29 yanvar 2002-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. 2008-2019-cu illərdə Əliheydər Məmmədov adına Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbində təhsil alıb.
Səddam Bayramov 29 yanvar 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanıb. O, Azərbaycan-Ermənistan təmas xəttinin Tərtər rayonu istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Səddam Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşaraq şücaətlər göstərib.

Səddam Bayramov 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşüb. 16 noyabr tarixində şəhidimizin mübarək nəşi tapılaraq 22 noyabrda doğulduğu Beyləqan rayonunun Təzəkənd kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Səddam Bayramov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Səddam balamız!

Mina RƏŞİD