Fidan Abdurahmanov - XARIBÜLBÜL

YAZARLAR 13:44 / 29.01.2026 Baxış sayı: 598

Yer kürəsində yalnız Qarabağda rast gəlinən Xarıbülbül Azərbaycanın gözəl guşələrindən olan Şuşada bitir. Atam həmişə bu güldən danışaraq köks ötürürdü. Bu zərif gülün məğrur duruşu ilə düşmən əsirliyində qalması vicdan əzabı verirdi ona. Hər yaz güllər çiçək açanda bu gülü xatırlayırdı atam. Xarıbülbül haqqındakı hekayətlər onun çox tarixi sınaqlardan keçdiyini xəbər verir.

Atam tez-tez bu haqda danışardı, ən böyük arzusu isə xarıbülbülü mənimlə tanış etməkdi. Adımı da bu gülün eşqinə Səhləb qoymuşdu. Axı Xarıbülbülün digər adı Qaş Səhləbdir. Söhbətimiz həmişəki kimi bir “ah”la bitərdi. Bəlkə də, bu nisgil, bu iztirablardakı ahlar Şuşanın yollarını toz-dumana bürümüşdü.

Nəhayət o tarixi günləri yaşadıq. Səfərbərlik elan olundu. Atam hərbçi olduğu üçün daha tez qoşuldu orduya. Döyüşlər uğurla davam edirdi. Namərd düşmən darmadağın olunurdu. Azərbaycan ordusu irəliləyərək həftədə bir neçə rayonu işğaldan azad edirdi. Səbirsizliklə atamdan xəbər gözləyirdim. Kaş ki, bu tarixi günlər Şuşaya kimi davam edəydi.

Nəhayət noyabr ayının 8-i idi. Şuşa uğrunda qızğın döyüşlərdən və ciddi döyüş taktikasından sonra Ali Baş Komandanın zəfər çıxışı bütün evlərin qonağı oldu. Sevincimin həddi-hüdudu yox idi. Bütün Azərbaycan fərəh içində idi. Həmin günü təzə paltarımı geyinib, saçlarımı hörüb, bütün günü atamdan xəbər gözlədim. Anamdan, nənəmdən, babamdan, qonşulardan, daha sonra qarşıma kim çıxırdı, atamı soruşurdum. “Hələ bir dəqiq xəbər yoxdu, bala,” – deyə nənəm hörüklərimi atam kimi sığalladı.

Axşam düşdü, gecə özünü yetirdi. Paltarlarımı səliqə ilə yanıma qoyub yuxuya getdim. Gecə ayılanda atamı yanımda gördüm. Məni bərk-bərk qucaqlamışdı. Cibindən Xarıbülbül gülünü çıxarıb yastığımın yanına qoydu. Cod saçlarımdan toxunmuş sərt hörüklərimi incə-incə sığalladıqdan sonra şirin-şirin yuxuya getmişdik.

Səhər yağışın pəncərəni döyəcləməsinə ayıldım. Evdə yaman səs-küy vardı. Qohumlarımızın da səsi ara-sıra qulağıma dəyirdi. “Atamın gəlişinə yığılıblar” deyə üzümü bütün gecəni qoynunda yatdığım atama tərəf çevirəndə heç kimi görmədim. Paltarlarımı geyinib hövlnak həyətə qaçdım. Kəndimizin camaatı həyətimizə yığışmışdı. Həyətimiz Azərbaycan bayraqları ilə süslənmişdi. Lakin atam görünmürdü. Yağış gözlərimin içinə dolaraq boğazımdan süzülsə də, dəli kimi atamı axtardım. İnsanların əllərini qaldırıb toxunmaq istədikləri hündürlüyə boylandım. Bir anlıq yağışı hiss etmədim. Qəlbimi doğma hisslər bürüdü. Atamın tabutu başımın üstündən keçirdi...

Sübh tezdən atamın Şuşa uğrunda döyüşlərdə şəhid olması xəbəri gəlmişdi. İnana bilmirdim, axı mən səhərə kimi atamın qucağında yatmışdım. Tez otağıma qaçdım. Atamın özü olmasa da, yastığımın yanına qoyduğu Xarıbülbülün ətri hələ də orda idi...