Sənətlə ucalanlar

MƏDƏNİYYƏT 21:15 / 18.01.2026 Baxış sayı: 4740

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru , Azərbaycan Respublikasının əməkdar artisti Vidadi Həsən oğlu Rəcəblinin 60 illik yubileyidir.

Naxçıvan teatrının sevilən və seçilən simalarından biri – Vidadi Rəcəbli 19 yanvar 1966-cı ildə Culfa ( indiki Babək rayonu) rayonunun Nəhəcir kəndində dünyaya göz aşıb. Uşaqlıqdan səhnəyə maraq göstərən Vidadi Rəcəbli gənclik illərində teatr sənətinə böyük həvəs göstərib , bu sevgi onu peşəkar səhnə yoluna gətirib çıxarıb. 1986–1988-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun dram fakültəsində təhsil alan gənc aktyor burada aktyor və rejissor sənətinin incəliklərini öyrənib. O, Mirzəbala Məlikov və Fikrət Zəkiyev kimi tanınmış aktyor və rejissorların rəhbərliyi altında sənət dərsləri alaraq peşəkar səhnə məktəbi keçib.

Tələbəlik illərində teatrla sıx bağlı olan Vidadi Rəcəbli bir sıra tamaşalarda səhnəmizin görkəmli sənətkarları ilə tərəf müqabili olub. Xalq artistləri Səyavuş Aslan və Xuraman Hacıyeva kimi ustadlarla birgə səhnəyə çıxması onun yaradıcılıq yolunda mühüm mərhələ olub. Bu əməkdaşlıq gənc aktyorun peşəkarlığını daha da artırıb, tamaşaçılar qarşısında daha inamlı çıxış etməsinə şərait yaradıb. Bu gün Vidadi Rəcəbli Naxçıvan teatrının ən təcrübəli, zəhmətkeş aktyorlarından biri kimi tanınır.

Onun səhnədəki səmimiyyəti, sənətə bağlılığı və peşəkarlığı teatrsevərlərin yaddaşında silinməz iz buraxıb. 1997-ci ildə Naxçıvan televiziyasında diktor işləyib. Sözə, sənətə bağlı olan aktyor bədii yaradıcılıqla da məşğul olur. O,"Gerçəklik" şerlər və “Gerçəkliyin özüyəm” kitablarının müəllifidir. V. Rəcəbli 2000-ci ildə Naxçıvan Muxtar Respublikasınnın əməkdar artisti, 2008-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına, 2010-cu ildə Prezident mükafatına layiq görülüb.

Aktyor müxtəlif illərdə teatr səhnəsində 70-dən çox irili -xırdalı obrazlar canlandırıb. O, dram, musiqili dram, komediya, musiqili komediya, tragikomediya, faciə, alleqoriya janrlarında bir çox obrazlar silsiləsi yaradıb. Belə ki, Ü.Hacıbəyovun "Arşın mal alan"ında Süleyman, H.Cavidin "Topal Teymur"unda Sabutay, İ.Əfəndiyevin "Hökmdar və qızı "nda Saday bəy, Elçinin "Mənim ərim dəlidir"də Dost, "Mənim sevimli dəlim"də Panteleymon Polikarpoviç, İ.Məlikzadənin "Gəl qohum olaq"ında Qarakişi, C.Məmmədquluzadənin "Qurbanəli bəy"ində Aşpaz Əli, N.Nərimanovun "Nadir şah"ında Cəfər xan, N.Həsənzadənin "Atabəylər"ində Əbubəkir, Mahmud, Ayəba,"Pompeyin Qafqaza yürüşü"ndə Qasid, M.F.Axundovun "Lənkəran xanının vəziri"ndə Heydər, Hidayət Orucovun "Bu dünyanın adamları"nda Sarvan Qaradağlı, C.Məmmədquluzadənin "Dəli yığıncağı"nda Farmasion Rüstəm, Mir Cəlalın "Dirilən adam"ında Sultanəli, H.Cavidin "İblis"ində Ərəb zabiti, M.S.Ordubadinin "Beş manatlıq gəlin"ində Qiyas,Kəbleyi Hüseynəli, Ə.Əsgərovun "Qız atası"nda Vilayət, R.Əhmədzadənin "Hələlik"ində Qorxmazov, İ.Əfəndiyevin "Şeyx Xiyabani"sində Hacı Fərhad, V.Qubarevin "Sehrli yaylıq" tamaşasında Pişikdiş, Həmid Arzulunun "Əlincə qalası"nda Əhəd, Hüseyn Cavidin "Səyavuş"unda Tus, Yalçın, Elçinin "Ah, Paris...Paris"ində Eynsteyn, Şəmil Sadıqın "Qana qan qarışdı"sında Beyrək, Adil Babayevin " Yarımçıq şəkil"ində Vaso, İsi Məlikzadənin " Hərənin öz ulduzu"nda Əlibala, Həsən Elsevərin "Koroğlu nəsli”ndə Bağır, Səməd Vurğunun "Fərhad və Şirin"ində Topal, Həsənalı Eyvazlının " Araz sahilində doğan günəş"ində Veysəl Ünivar, Elman Həbibin "Sahilsiz çaylar"ında Araz, Kəmalə Ağayevanın " Məhsəti"sində İlyas (Nizami Gəncəvi), Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan"ında Şulu, Mərkəz Quliyevin "Qarğanın iflası"nda Sağsağan, M.F.Axundovun "Sərgüzəsti- Vəziri- Xani- Lənkəran"ında Ağa Bəşir, Səməd bəy, "Hekayəti-xırs-quldurbasan"ında Nəcəf, Adil Babayevin "Koroğlunun Çənlibelə qayıdışı"nda Güloğlan, Anarın "Qaravəlli"sində Əsgər Əsgərov, Nəbi Xəzrinin " Atillanın atliları"nda Varyaq və s. rollar oynayıb.

Yaradıcılıq fəaliyyətini 2016-cı ildən 2020-ci ilə qədər Babək Rayon Mədəniyyət Sarayında bədii rəhbər-rejissor vəzifəsində davam etdirən Vidadi Rəcəbli həmin müddətdə Babək Rayon Xalq Teatrının səhnəsində hazırlanan M.S.Ordubadi və S. Rüstəmin "Beş manatlıq gəlin" retro komediyasında Kəbleyi Hüseynəli, İ. Məlikzadənin "Subaylarınızdan görəsiniz"də Seyfi , Ə. Əsgərovun "Qız atası”nda" Cavad, Ə. Haqverdiyevin "Bəxtsiz cavan"ında Hacı Səməd ağa, B. Vahabzadənin "Yollara iz düşür"ündə Loğman, H. Mirələmovun "Xəcalət"ində Kərim, S.S,Axundovun "Tamahkar"ında Hacı Murad və digər tamaşalarda yaddaqalan obrazlar yaradıb. Ə. Yusiflinin" Alova çevrilən qəzəb" pyesinə isə rejissor kimi quruluş verib. Bu gün Naxçıvan teatrında bir- birindən maraqlı rollaru ustalıqla ifa edən aktyor son illər Aqşin Babayevin “ Xilaskar”ında Saqqal Həmzə, İlyas Əfəndiyevin “ Xurşidbanu Natəvan”ında Hidayət xan ,Hüseyn Cavidin “ Topal Teymur”unda Əli Paşa, Nizami Gəncəvinin ” Sirlər xəzinəsi”ndə 1-ci oyunçu, Elçinin“ Teleskop”unda cənab Mikayıl, Əli Əmirlinin “ Xeyir xəbər”ində Hümbət, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasında milli klassikanın ölməz nümunəsi- Məşədi İbad obrazlarını özünəməxsus tərzdə ifa edib.

Bu gün 60 illik yubileyini qeyd edən Vidadi Rəcəblinin ömür yolu cəmiyyətə sədaqətli xidmətin və milli-mənəvi dəyərlərə bağlılığın parlaq nümunəsidir.Bu əlamətdar yubiley münasibətilə Vidadi Rəcəblini təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq. İnanırıq ki, onun zəngin həyat və yaradıcılıq yolu hələ uzun illər cəmiyyətimiz üçün dəyərli töhfələrlə yadda qalacaq

Adilə Səfərova

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi