AŞIQ ŞƏMŞİR  -  BAYRAM GÜNLƏRİ

Ədəbiyyat 12:37 / 17.03.2026 Baxış sayı: 264

 

Aşıq gərək xalqa tərif yaza bayram günləri.

Əlində saz şirin avaz gəzə bayram günləri.

El nəfinə yaxşı danış eşidən əhsən desin,

Gülür yenə novbahartək üzə bayram günləri.

 

Görürsənmi al bəzəkli bizim bu şən elləri,

Yel əsəndə ləpələnər süsəni, sünbülləri.

Avazla nəğmə oxuyur vətənin bülbülləri,

Xoşbxətlik hər gündə olub bizə bayram günləri.

 

Lalə, nərgiz, tər bənövşə bizdə açdı ilk bahar.

Şəmşir, xoşdu səadətin, oldun əcəb bəxtiyar,

Arzu çəkən başqa yerdə hansı bir məxluq ki var,

Qismət olsun bizim kimi sizə bayram günləri.