Fərhad Tapdıqoğlu - "Oğlum,özünə az divan tut"
( kiçik hekayə)
Divan-ə xanım qızı Dürdanəni səslədi:
--A qızım,gəl xonçamızı bəzəyək.
Dürdanə əlindəki telefonu kənara qoyub, anasının yanına gəldi.
Ana -bala xonça düzəltdilər.Xonçada hər bayramda olduğu şəkərbura,qoğal,badambura,paxlava,qoz-fındıq,püstə-badam,iydə...və qovurğa vardı.Səməni də öz yerində...
Bu ailə ilaxır çərşənbəni ,torpaq çərşənbəsini həmişə böyük sevinclə qeyd edirdilər. Bu çərşənbənin hazırlığı da qaydasında gedirdi.
Şəkərbura,paxlava,qoğal,badamburanı...Divan-ə xanım həmyaşıd qonşu qadınlarla köməkləşib ,bişirmişdi.Ali məktəb tələbəsi olan qızı Dürdanə :"Ana nə əziyyət çəkirsən ,marketlərdə hamısından satırlar ,ordan alarıq" desə də anası " yox qızım ,illərdi evdə özüm bişirirəm,ənənəni pozmayacam " cavabını vermişdi.
Dürdanə anasını yenə sorğu -suala tutdu:
--Ana ,sən kənddə yaşayanda bayramı necə keçirirdiniz.Maraqlı olar,danış .
Əslən Qarabağın Divan-alılar kəndindən olan Divan-ə xanım kənddə keçirdikləri ilaxır çərşənbələri xatırladı:
--Həə,qızım kənddə daha maraqlı idi.Mehribançılıq vardı.
Bayram öncəsi ev-eşik təmizlənir, əhənglə ağardılır ,paltar-palaz havaya verilirdi.
Biz,kəndimizin qızları evlərin birinə yığışırdıq...Bəxt sınama, "üzük falı", qapı pusma ( qulaq falı) ...
Əvvəllər evin bacasından torba sallayardılar,sonradan evrərin kandarına,qapıya atardılar onu. İşıqlaşanda kənd camaatı bir nəfər kimi çay kənarına gedirdi.Niyyət tutub,çaydakı addamaşdan o tərəf-bu tərəfə keçirdik.
Hər qapıda çərşənbə tonqalı...O illər şəkərbura ancaq ilaxır çərşənbə öncəsi bişirilirdi,ildə bir dəfə... İndi də gec görünən dost- tanışa,qohum -qardaşa " şəkərburaya dönmüsən ,görünmürsən"deyirlər.
Süfrəmizin bəzəklərindən biri qovurğa ( qorğa) idi.
Qovurğa qanqalın qovrulmuş toxumu (çətənəsi ilə ) daha ləzzətli olardı. Bayram günləri demək olar ki,hamı cibinə qorğa töküb yeyə- yeyə gəzərdi.Mən sənə bunları dəfələrlə danışmışam .İndi isə kömək elə aş dəmləyək- dedi.
...Bu ailə üzvləri həmişə torpaq çərşənbəsi günləri mütləq təzə paltarlar geyinirdilər.Həm də evlərinə təzə nəsə bir əşya alırdılar.
Bu gün də istisna deyildi.
Bir azdan verdikləri sifariş əsasında "Divan Bakı" firma mağazasından bir ədəd yumşaq divan gətirəcəkdilər və gətirdilər.
Divan-ə xanımın həyat yoldaşı Divan-gir kişi fəhlələrə göstərişini verərək divan- ı qonaq otağına yerləşdirdilər.
Divan-ə xanım yeni aldığı divan örtüyünü təzə divan-ın üstünə sərərək ,mətbəxə keçdi.
Divan-gir kişi təzə ,yumşaq divan- ın üstündə əyləşib,televizorun düyməsini basdı.
Kanalların birində "Fatehin divan-ı" verilişi gedirdi.Divan-gir kişi həmin verilişə sona qədər baxdı.
Sonra Divan-gir kişi Füzulinin "Divan"ını əlinə götürüb ,vərəqləməyə başladı...
Bir qızın dərdindən dəli-divanə olan ailənin oğul övladı Davud "Ayfon"unda sevdiyi qızla saatlar idi ki,mesajlaşırdı...
...Həyətdə uşaqlar artıq bayram tonqalı ətrafına toplaşıb ," ağırlığım ,uğurluğum odda yansın " deyərək üstündən atlanırdılar.
...Bayram süfrəsi artıq hazır idi.Divan-gir kişi ilə Divan-ə xanım yemək masasını yenicə aldıqları təzə ,yumşaq divan-a yaxınlaşdırdılar.
Divan-gir oğlunu səslədi:
--Ay Davud,ay oğul.Özünə az divan tut ,bala.Saatlardır ki,telefon əlindədir.Dur gəl .
... Divan-gir kişi ,xanımı Divanə ,oğlanları Davud ,qızları Dürdanə gözəl bir ilaxır çərşənbə bayramı qeyd etdilər...
Torpaq çərşənbəniz mübarək!