Əşrəf Veysəlli -DÜŞƏR

Ədəbiyyat 10:05 / 17.03.2026 Baxış sayı: 189

 

İlk baharın eşqinə çöllər qalxar yuxudan,

Sinəsində eşq olsa səhraya da bağ düşər.

Yaz nəfəsi dəydimi, güllər qalxar yuxudan,

Gül kolunun bətninə gül kimi uşaq düşər.

 

Yerin, göyün gümanı bir ilahi eşqədir,

Günəşə bax, aya bax!— Sevgi odur, eşq odur.

Könlünüzdə heç zaman soyumasın eşq odu,

Sevgisiz ürəklərə qar yağar, sazaq düşər.

 

Kaş ki eşqin bağında dərd ağacın olmasın,

Bu ağrılı dünyada ağrın- acın olmasın.

Sevilməyə, sevməyə ehtiyacın olmasın, Cəhd eylə ki, heç nəyə ehtiyacın olmasın,

Ehtiyac girən evdən məhəbbət qaçaq düşər.

1996- cı il.