Yurda getməyin vaxtıdı...

YAZARLAR 10:28 / 16.03.2026 Baxış sayı: 147
 

(Şair Şövkət Zərin Horovlunun 85 illik yubileyi münasibətilə "Dur gedək" şeirinə bir baxış)

 

“Dur gedək” şeiri xüsusi diqqət çəkən poetik nümunələrdən biri kimi dəyərləndirilə bilər. Bu şeir şairin ömür təcrübəsinin, zaman haqqında düşüncələrinin və insan taleyinə fəlsəfi baxışının poetik ifadəsi kimi səslənir. Şeirin əvvəlində şair zamanın amansız axarını və həyatın keçiciliyini dərin bir nisgil ilə ifadə edir:

Zaman daha bizi demir,

Qeyb olanlar geri dönmür.

Dünya məni yaman sıxır,

Gümanlarım boşa çıxır.

Bu misralarda həyatın qaçılmaz həqiqəti – zamanın geri dönməməsi və itirilənlərin bir daha qayıtmaması hiss olunur. Şair sanki ömür yolunun müəyyən bir mərhələsində dayanaraq geriyə boylanır və keçmiş illərin yaratdığı boşluğu hiss edir. Şeirin digər bəndlərində insanın daxili dünyasında baş verən dəyişikliklər və ruhən yorğunluq da diqqət çəkir:

İllər də tökülüb gedib,

Dörd yanım çəkilib, gedib.

Özüm də küsüb özümdən,

Dözüm çəkirəm dözümdən.

Bu misralar artıq ömrün müdriklik çağında olan bir insanın həyat haqqında düşüncələrini əks etdirir. Şairin etirafları səmimi və həyat həqiqətinə söykənən poetik düşüncələr kimi oxucuya təsir edir. Şeirin ikinci hissəsində isə qürbət mövzusu və doğma yurda qayıdış arzusu daha qabarıq şəkildə ifadə olunur:

Analı dünyamı gəzək,

Laylası ömrümə bəzək.

İsti bir qucaq axtaraq,

Bir künc, bir bucaq axtaraq.

Bu bənddə şairin qəlbindəki doğmalıq hissi, ana yurdun istiliyi və insanın sığınacaq axtarışı poetik dillə təqdim edilir. Şair doğma ocağın, ana laylasının və keçmiş xatirələrin insana verdiyi mənəvi gücü vurğulayır. Şeirin ən təsirli misralarından biri isə doğma yurda bağlılıq hissini ifadə edən bu bənddir:

Əzəl yuvamda quş kimi,

Ocağımda bir daş kimi

Düşüb qalım,

Bu qürbətdən qisas alım.

Burada şair qürbətin yaratdığı mənəvi boşluğu doğma yurda qayıdışla doldurmaq istəyini ifadə edir. Bu misralar həm vətən sevgisini, həm də insanın köklərinə bağlılığını simvolizə edir.

Şeirin sonunda isə həyatın qaçılmaz sonu haqqında fəlsəfi düşüncə ifadə olunur:

Vaxt axırımıza çıxır,

Getməliyik əvvəl-axır.

Gəl bu qürbəti tərk edək,

Dur gedək, ömür, dur gedək!

Bu çağırış sanki ömürlə edilən bir dialoqdur. Şair həyatın son mərhələsində insanın keçmişi ilə barışmaq, doğma dəyərlərə qayıtmaq və mənəvi rahatlıq tapmaq arzusunu poetik şəkildə ifadə edir.

Şair Şövkət Zərin Horovlunun 85 illik yaş ucalığında bu şeir oxucuya xüsusi bir ovqat bəxş edir. Bu şeir onun zəngin yaradıcılığının müdriklik mərhələsini əks etdirən poetik nümunə kimi qiymətləndirilə bilər. Burada illərin gətirdiyi həyat təcrübəsi, qürbət ağrısı, vətənə bağlılıq və həyatın faniliyi haqqında düşüncələr bir araya gəlir. Bu cəhətlər şairin poeziyasının dərinliyini və onun söz dünyasının zənginliyini bir daha göstərir.

Şair, ustad söz adamı, yazıçı Şövkət Zərin Horovlunun 85 illik yubileyi günlərində qəlbimizdə başqa bir sevinc də yaşanır. Onun doğma yurdu – Horovlu artıq azaddır. İşğaldan azad olunan Cəbrayıl rayonu yenidən dirçəlir, kəndlər bərpa olunur, insanlar doğma ocaqlarına qayıdırlar.

Bu gün üzümü ustad söz adamına tutub demək istəyirəm: El qızım, Cəbrayıl azaddır, Horovlu azaddır. Yurd yerlərimiz sizi çağırır. Mən də o çağırışlara qoşulur və deyirəm: Horovluya dur gedək!

Bu sözləri təkcə bir çağırış kimi deyil, həm də illərlə çəkilən həsrətin bitdiyini bildirən sevinc sədası kimi sizə ünvanlayıram. İnanıram ki, doğma torpağın azadlığı, yurd ocaqlarının yenidən alovlanması şair qəlbinizə yeni nəfəs verəcək, o torpaqlarda yenə söz çiçəklənəcək, şeir doğulacaq və doğma yurdun ruhu poeziyanıza qovuşacaq.

Ad gününüz, 85 illik yubiley yaşınız mübarək, Şövkət xanım!

Hidayət Səfərli

Şair-publisist, AJB-nin üzvü, Qabaqcıl Təhsil işçisi

14.03.2026.