Ehtiram İlham - Vətən

Gündəm 09:33 / 28.01.2026 Baxış sayı: 1278

 

****

Sən ki, bu günlərə layiq deyildin,

Gör səni nə günə qoydular, Vətən.

Başlara tac idin, gözlərə işıq,

Səni ayağından soydular, Vətən.

 

Üzünə nə məsum baxdılar belə,

Hər şeyi başına qaxdılar belə.

Hardan yarandılar... çoxdular belə,

Yalandan adını öydülər, Vətən.

 

Dağların başını bürüdü çənin,

Halal toxum tutmur torpaqda dənin.

İrişə-irişə üzünə sənin

Dalınca nə boyda söydülər, Vətən.

 

Yazıq bəxtimizə yazıldın, neynək,

Hələ nə zulum var, qarşıda görək.

Sən şahənşah gəzdin, biz halal çörək,

Bizə bu qisməti qıydılar, Vətən.

 

Sənsən Ehtiramı gətirən dinə,

Ölənə qədər də bağlıdı sənə.

Bir xəstə canı var, qurban Vətənə,

Onu da ayaqda saydılar, Vətən.

28.01.26.