Ülkər Nicatlı - Sükan Arxasında Gülən Adam
( həyatımdan bir hekayə )
)Fərhad əmi avtobus sürücüsü idi. Amma onu tanıyanların yaddaşında avtobusdan çox gülüşü qalmışdı. Çox danışardı, çox zarafat edərdi. Elə bir adam idi ki, yanında beş dəqiqə oturanda belə üzün istər istəməz gülərdi. Həyatın ağırlığını çiyinlərində daşısa da bunu kimsəyə göstərməzdi.
Mən o vaxtlar tələbə idim. Avtobus kəndin sonuna gedərdi və oradan üzü Lənkərana gedəndə qalxardım. Mənim üçün yeri başqa idi. Atamı itirdiyim günün qoxusu hələ üstümdə idi.
Atam gedəndən sonra içimdə heç kimin doldura bilmədiyi qəribə bir boşluq yaranmışdı. İnsan atasını itirəndə sanki dünyada arxasını söykəyə biləcəyi bir divar uçur. Və insan uzun müddət yıxılmamaq üçün görünməz bir yer axtarır.
Mən o yeri bəzən Fərhad əminin yanında tapırdım. Bunu özümə etiraf etməyə belə utanırdım. Bəzən onun danışığına qulaq asanda, zarafatlarına güləndə içimdən qəribə bir fikir keçirdi.Kaş mənim atam da belə olaydı.
Sonra elə həmin an özümü sözlə şillələyirdim.Sus! Bu nə fikirdir? Ananın haqqına girmə.
Çünki anam vardı. Anam mənim üçün dünyada ən müqəddəs insanlardan biri idi. Mən onun çəkdiyi əziyyəti, təkliyini, mənə görə nələrdən keçdiyini bilirdim. Ona görə də Fərhad əmini bir anlıq xəyalımda atamın yerinə qoymağımı özümə xəyanət kimi qəbul edirdim.
Halbuki mən heç kimi əvəz etmək istəmirdim. Sadəcə atam üçün darıxırdım. Bəzən insanın ürəyi ağlına icazə almadan bir istiliyə sığınır. Mənimki də sığınmışdı.
Fərhad əmini ilk dəfə nə vaxt gördüyümü xatırlamıram. Bəlkə də o, həmişə o yolda elə o cür də olub. Yaddaşımda qalan ilk şəkil isə sükan arxasında gülən bir adamdır. O vaxt bilmirdim ki, sonralar gedəcəyim hər gün ilk baxışım məhz həmin oturacağa dikiləcək.
Hər dəfə avtobus döngədən görünəndə ürəyimdə eyni sual oyanardı.Bu gün Fərhad əmidir?
Bu sevginin adı yox idi. Nə dostluq idi, nə heyranlıq, nə də başqa bir hiss. Sadəcə, atamı itirdiyim gündən ürəyimdə yaranan boşluq bəzən onun səmimiyyətində dinclik tapırdı.
Ən çox da gözləri.Bilmirəm niyə, hər dəfə gözlərinə baxanda qəribə bir yaxınlıq hiss edirdim. Bəzən evdə güzgünün qarşısında dayanıb öz gözlərimə baxırdım, sonra da onun gözləri yadıma düşürdü. Uşaq kimi, məntiqsiz bir xəyal qururdum.Elə bil gözlərimi Fərhad əmidən almışam.
Bu fikrə özüm gülümsəyirdim, ardınca isə özümü danlayırdım.Yox e, bu ağılsızlıqdır. Uşaq ağlıdır da.
Heç vaxt bu düşüncələrimi heç kimlə bölüşmədim. Onlar ürəyimin ən səssiz küncündə yaşayırdı.
Sonra Bakıya köçdüm, evləndim. Gələndə artıq əvvəlki kimi tez-tez deyildi. Amma yenə də avtobus dayanacağına tez gələrdim. Avtobus döngədən görünən kimi ilk baxışım sürücünün oturduğu tərəfə gedirdi. İçimdə səssiz bir həyəcan yaranardı.Bu gün odurmu?
Həmin gün yol mənə bir az uzun gələrdi. Amma o olanda... Heç nə dəyişməzdi. Yenə gülərdi, yenə danışardı, yenə yoluna davam edərdi. Mən isə sakitcə yerimdə oturub pəncərədən çölə baxan adam təsiri bağışlayardım, halbuki içimdə tamam başqa bir yol gedirdi.
Fərhad əmi...
İllər sonra yenə getdim. Yol eyni yol idi, dayanacaq da yerindəydi. Amma nə o avtobus vardı, nə də sükan arxasında həmişə gülən Fərhad əmi.
Bu, mənim qələmə aldığım ilk hekayədir. Burada yazılanlar illərlə içimdə susub.
Bəzi insanlar həyatımıza avtobus kimi girir.
Dayanacaqda gözləyir, sonra yola davam edir.
Adını soruşmağa fürsət olmur.
Peşəsini bilirsən, amma ürəyində qoyduğu yeri heç vaxt demirsən.
Fərhad əmi də elə idi.
Sükan arxasında gülən adam.
Danışanda bütün avtobus susardı, susanda bütün yol danışardı.
Heç kim bilmirdi ki, o gülüşün arxasında neçə yük var.
İllər sonra eyni yola qayıdanda nə avtobus var, nə sürücü.
Sadəcə pəncərədən çölə baxan bir qız var.
İçində isə hələ də o sual.Bu gün Fərhad əmidir?
Çünki bəzən ən yad adamlar,
bizim ən yaxın yaralarımıza məlhəm olur.
Və mən indi başa düşürəm.
Mən Fərhad əmini heç vaxt əvəz axtarmırdım.
Sadəcə, itirdiyim istiliyi bir anlıq onun səsində tapırdım.
O da bilmədi. Mən də demədim.
Amma bəlkə də elə bu susqunluq onu bu qədər müqəddəs etdi.