Rəfail Tağızadə - Bakirə yuxular
Ədəbiyyat
10:50 / 14.09.2026
Baxış sayı: 620
Gecənin lal-dinməz, məxmər qoynunda
bakirə yuxular pozulur dən-dən,
məst olub gecənin öpüşlərindən
əlləri, qolları boşalır hərdən.
Bayırda külək də kəsib səsini,
ay da bir nöqtədə dayanıb, durub,
bu sakit, sükutlu susqunluğuyla
bu gecə deyəsən, yaman yorulub.
Pəncərə qaralır pərdədən qabaq
otağın işığı sönür beləcə,
gecə xəyalımın titrək əlləri
səni öz qoynunda gizlətsin necə?
Bu gündüz ömrümə sığmayan səni,
səni yuxulara daşıyacağam,
bir üzü bakirə, bir üzü gəlin
yuxuna, yuxuma qarışacağam.