Avqust  ŞEİRLƏRİ - Əbülfət MƏDƏTOĞLU

Ədəbiyyat 13:00 / 14.09.2026 Baxış sayı: 620

Kim desin...

İlahi, mən adlı bəndə

Sığışmır şəhərə, kəndə...

Hər şeyi görürsən sən də -

Sonuncu sözü kim desin?!.

Dağdan daşmı hellənəcək

Gözdən yaşmı sellənəcək?!.

Kim sonacan yellənəcək -

Bir az da "DÖZ"-ü kim desin?!.

Sevdiyim Ruhun özüdü

Odu, ocağı, közüdü!

Bu ki, elə O, özüdü -

Tay başqa ÖZÜ, kim desin?!.

Nə qaldı məni öyməyə

Bir yol ver geri dönməyə!..

Canda həvəsi sönməyə -

Qoyma, bu közü kim desin?!.

Əbülfət SƏNƏ səcdədə!

Bu ki, ən ALİ Həc, dədə!

Getmirəm, qalmıram... nədə -

İlişdim, çöz!-ü kim desin...

 

Günümün ŞEİRİ

Yenə də için-için

ağrıyan ürəyimi...

Ümidini tək sənə -

bağlayan ürəyimi -

Həkimlər açıb - töküb...

Gör neçə ağ xalatlı

başına yığışıbdı...

Ürəyim bu tünlükdən

bir az da sıxışıbdı-

Həkimlər açıb...büküb...

Sinəm də ki , əzəldən

olmayıbdı fərari..

Baş həkim açıqlayır -

astaca son qərarı -

Bu ürək artıq çöküb!..

 

 

Demərəm ki...

Xəyal məni aparırdı ...getdiyim

Diqqət çəkən küçə geniş...səki dar...

Mən özümə görüş yolu etdiyim -

Bu səkinin sonuna bir ümid var!

Nə ölçürəm , nə də sürət seçirəm

Gözübağlı adam kimi keçirəm...

Ruh kimiyəm - misqal-misqal köçürəm -

Elə bilmə vərdişkaram, vərdişkar!

Yarılıbdı dözümümün səngəri

Sözə baxmır günlərimin ləngəri!

Ürəyimi oyur həsrət çəngəli -

Sən bir ovçu, mən yaralı bir şikar...

Geniş küçə.. paraleli dar səki

Təzatdımı, yoxsa bu da qədərdi?!.

Yerim olsun ürəyində yar, təki -

Demərəm ki, çəkdiklərim hədərdi!

 

 

Üstünə

Qoyma kökdən düşsün qəmi

Bir az da duz , bas üstünə...

Tərəddütsüz ayağını -

Həvəslə qız, bas üstünə!

Bəxt adımı qaralayıb

Sol yanımı yaralayıb...

Nə bilirsən sıralayıb -

Təki sən düz bas üstünə!

Görünür sonum, axırım

Mənlə gedəcək paxırım!

Gözləmə ki, mən çağırım -

Gəlib göz, üz bas üstünə!

Əbülfətin qalan adı

Olsun , ömrün ağız dadı!

Nə qədər ki, yadındadı -

Arada iz, bas üstünə!

 

 

BİR AZ KÜSGÜN şeir

Əlim havadadı - tutacaq yer yox

Allah da ətəyin yığıb yuxarı...

Sonuncu ümidim olan bu varlıq -

Çıxıbdı bir az da, çıxıb yuxarı!

Hara getməyimin ta mənası yox

Boşluqdu dünyada yolların sonu!

Kimə deyəcəm ki, getməyimdən qorx -

Onsuz da getməyim qorxutmur onu!..

Bütün gerçəkliklə sevgi yaşadım

Nə giley edənəm, nə də ki, küfür...

Bütün duaları sənlə başladım -

Tay məndən qurtuldun, sənə çox şükür!

 

 

Sevmək üçün doğuldum

Mən necə sevirəm bir Allah bildi

Bir də ki, ahlarım hopan dörd divar...

Mən belə sevirəm gör neçə ildi-

Sevməsəm dörd divar özüldən qopar! -

Mən sevgi təşnəsi .ülfət acıyam

Doymuram pərvanə, həm şam olmaqdan...

Bir az bal kimiyəm, bir az acıyam -

Həm səhər ,həm də ki , axşam olmaqdan!

Unutmaq hissimi silmişəm qəlbdən

Xatirə tonqalı sığındığım yer...

Əl uzat , çıxmayım heç vaxt bu təbdən -

İynə ucu boyda mənə ümid ver!..

Həyat dalğalanan acımaz dəniz

Sahilə atılmış başqa ta kiməm?!

Allahı və səni sevən bəndəniz -

Sevgidən doğuldum, SEV!-ə təkiməm!!!

KÜLƏK

Giribdi qoluma köhnə ərk ilə

Telimlə oynaya, oynaya gedir...

Hətta aradabir alır tərkinə,

Cilovsuz kəhər tək tozanaq edir -

Külək...

Xəzər sahilində üfüq güləndə

Dənizdən boylanır ağ lələkləri...

Səslənir özünü xoşbəxt biləndə

Qağayı!- deyilən su mələkləri -

Külək!

Altında durduğum uca bayrağın

Meydanı genişdi, dalğası layla...

Onun əzəmətin, onun sorağın

Yayır dörd tərəfə harayla, hayla -

Külək!

Gördüyüm mənzərə qələm dəftərsiz

Yaddaşa yazılır, gözlərə köçür

Arada, deyəsən, qısqanclıq edir -

"Sarmaşıq" gənclərin üstündən keçir -

KÜLƏK!

 

Susdum...

Sən məni dindirmədin...

Mən də sudum

Nə isə bildirmədin -

Mən də susdum....

Bir az su kimi axdın

Bir az yandırıb - yaxdın...

Bir az yanaki baxdın -

Mən də susdum...

Adını and etməyə

Dilimə bant etməyə...

Boş bir inad etməyə -

Mən də susdum...

Sənə və ONA inam-

Əbədi sona, inam!

Qoymadı k, mən sınam -

Dil də susdum!

 

Sənin xəyalın da...

Gündoğandan günbatana sən məni

Gəzdir xəyalında, gəzdir ruhunda...

Adıma ümidin kəndirlərini -

Kəsdir xəyalında , kəsdir yuxunda...

Yarıb bu dünyanın dumanın , çənin

Tapdım həyatımın ortağın, tənin...

Sən elə bilməki, mənimçün sənin -

Səsdi xəyalın da, Səsdi ruhun da!

Bir can gəzdirirəm mən öz canımda

Odur nəfəsim də, odur qanım da!

Tanrı qapısında, ən son anımda -

Bəsdi xəyalın da... bəsdi ruhun da...

İçimdə közərən sonuncu qordu

Məni tənhalığım çox erkən yordu!

İndi anladım ki, həsrətə tordu -

Qəsdi xəyalın da, qəsdi ruhun da!

Ağrının şeiri

Gecənin ağırlığı

Çiyinlərimdən basır...

Allah məni bu gecə

Ayaqlarımdan asır -

BULUDDAN!..

Ulduz axır- gözümün

Pərdəsinə toxunur...

Pıçıltılarım zilin

Pərdəsində oxunur -

Umuddan!..

Açıq qalan əllərim -

Gecəni səssiz didir...

Göyərən ümidlərim

Deyir, tay gecə bitir -

UMUDLAN!!!

 

 

İlğım TƏSƏLLİ

İndi anlayıram, indi duyuram

Sən demə bəxtin də yazı, qışı var...

Özümə təsəlli üçün , deyirəm -

Allahın əlində çoxlu işi var!

Daha çox gileydi, bir də küskünlük

Mənim öz bəxtimə aşkar iradım!

Həmişə arayıb, gəzdim düzgünlük -

Qoymadım büdrəsin bunda inadım!

Özümü nə qədər haqlı bilsəm də

Duruxdum qarşıma qaya çıxanda...

İçim buz bağladı deyib, gülsəm də -

Hətta ərimədi yaya çıxanda!

Bilmədim heç kimin qapısın döyüm

Asi olmağım ta günahdan keçib...

Halıma acımır tay yerim, göyüm-

Ümid işıqlarım Allahdan keçib...

 

 

Tənhalıq cizgisi...

Dörd divardı, göz yaşıdı, bir də mən -

Qınayaraq öz-özümü, yazıram...

Elə bil ki, oturmuşam Pirdə mən -

Yerə, göyə baş əyməyə hazıram!

Ah çəkmirəm, küfür keçmir ağlımdan

Düşündüyüm Haqq dərgahı, bir də sən!

Bilən bilir, mənim ömür nağlımdan -

Sən qəlbimə hakim olan sirdəsən!

Öz günümü öz gözümdə suvarıb

Quraqlığı gen tuturam qəmimdən...

Bildirçinlər sünbülünü aparıb -

Saman qalıb biçmədiyim zəmimdən...

Mən təkliyin hər anını yaşamaq

Məhkumluğun hopdururam ruhuma....

Dörd divarla, göz yaşıyla barışmaq

Gerçəkliyi yaxın gəlmir yuxuma!

 

Hər yer...

Yenə vərəqlənir, yenə yaddaşa

Əlini uzadır durduğum hər yer...

Gəlir mənim ilə səssiz baş-başa-

Özümü od- közə vurduğum hər yer...

Tanıya bilmirəm mən bu halımı -

Sual leysanında səbrim daralır...

Nə isə, kim isə sıxır canımı -

Dizlərim titrəyir , gözüm qaralır...

Quyu dibindəki kəndirsiz adam

Ya da ki, üzülən sapdan tutanam.

Yerəmi, göyəmi bu qədər yadam -

Hansısa əmələ görə utanam?

Özüm tək həm qaynar, həmi də süstdü

Mənim dayandığım, durduğum hər yer...

Gah gülüb -danışdı, gah da ki,küsdü -

Dağıldı yuxuda qurduğum hər yer...

 

 

Əhvalımın ŞEİRİ

Gözlərimlə çiçəkləri dərmişəm

Gözümə bax, gözlərinə köçürüm...

Gözlərimi kipriyinə bənd elə -

Gözümdəkin gözlərindən keçirim!!

Dolaşıram yer üzünün sətini

Yol tapmaqdı dünyada ən çətini...

Bulaqların, çeşmələrin mətini -

Gözlərimdən gözlərinə içirim!

Hay -harayım bulud sığıb - şeh səpir

Bu tıncığan ürəyimə meh təpir!

Gecə, gündüz deyə-deyə "Ya səbir!"-

Mən də sənin yar boyuna biçilim!

Çətin deyil hal soruşub, hal tutmaq

Keçib getdi , o köhnə dəb - şal tutmaq!

Qismət deyil Əbülfətə bal tutmaq -

Qoyma ki , ta barmaq -barmaq kiçilim!

 

 

Dağ boyda Kişi.- Aydın, Kübar , Dəyanətli, Təmənnasız və bəy oğlu BƏY DOSTUM , GÜVƏNCİM Cingiz ƏLİOĞLUNUN RUHUNA

Kədəri qapında gözlət,- deyirdin-

Qoyma hakim olsun - içində sənə!

Gizlət göz yaşını, gizlət deyirdin -

İndi kim deyəcək bunları mənə?!.

Sən sözün bətnində - söz də canında

Kübarlıq üzürdü , vallah qanında!

Kiçik görünürdü çoxu yanında -

Hamının da əli çatırdı sənə!..

Yerişin, duruşun, hətta səsin də

Yoxuydu dünyanın heç bir kəsində!

Allahın insanlıq mərtəbəsində -

Tək idin, yek idin, səndin bir dənə!

Saflığın, paklığın, bir də tamlığın

İşində, sözündə tam Adamlığın!

Sən idin güvənib tamamlandığım -

DOSTLUQ miras qoyub getdin sən mənə!.

 

 

Saatda...

Yenə həmin yerdə, həmin keçiddə

Gəlib dayanmışam , gözüm saatda...

Vərəqlər çevrilir hər an içimdə -

Nələr axtarıram özüm saatda?!.

Gah asi oluram, gah biət edən

Vüsalı əbədi son niyyət edən!

Tək mənəm kədərlə ünsüyyət edən -

Dəyişmir heç vaxtı sözüm. saatda!..

Bulud göydən yerə damcı sallayıb

Gözlərim torlanıb, saçım çallayıb...

Qalmayıb, ilahi, vallah qalmayıb -

Nə məndə, nə də ki, dözüm, saatda!..

Həsrətdi ruhumu qovub tərlədən

Fikirdi, ağrıdı məni çərlədən...

Sözü şişə çəkib nəfəs dərmədən -

Çatdırdım, sönmədən közü, saatda!..

 

 

TƏBRİK!

Bu gün nəvəm FATEH Kişinin 3 yaşı tamam oldu! Allah onu sevənləri və sevdikləri üçün qorusun. Sayılıb-seçilən FATEHLƏRDƏN biri olsun!

Gəlişinə sevindiyim bu günü

Yaddaşıma ÜRƏK! - deyib, yazmışam.

Sənin üçün qurulacaq düyünü -

Hamılıqla GÖRƏK! - deyib, yazmışam!

Dünya geniş, bizə düşən bircə lək,

Sən Vətənin şərəfini önə çək!

Bərəkətin ən müqəddəs rəmzi tək -

Halal olsun, ÇÖRƏK! - deyib yazmışam.

Dəyişsə də mən gördüyüm bu dövr,

Ümidlər də sənlə birgə boy verir...

Ad günündə dinlə, baban nə deyir: -

Yurda FATEH GƏRƏK! – deyib yazmışam!

 

Boş mənzil

Yaddaşımda o baxışın ətiri

Başım üstə tənhalığın çətiri

Xoş olmadı bu segimin xətiri -

Niyə belə dil-dil ötür, ürəyim?!

Mən tanıyan yer çat verən, göy daman

Yararsızdı , lap əzəldən and-aman!

İçərsində əridiyim bu zaman -

Hiss etdimi ötür bəm, zil ürəyim?!.

Sıralanır dodaq ütən ehlərim

Hər birini təsəlliçün behlədim!

Vaxt olmadı kipriyimdən şeh dərim -

Qəm ulayan , ay boş mənzil - ürəyim...

 

 

OLUN

Düyünü açılmır fikirlərimin

Hörümçək toru tək çözülməz olub.

Sitəmi ağırdı çəkdiklərimin -

Sevməyən kəs üçün, dözülməz olub!..

Sarğısın dəyişib köhnə yaranın

Hecasın sayıram ağın, qaranın...

Yolunda qaldığım dağın , aranın -

Duracaq nöqtəsi görünməz olub...

Eninə, boyuna paylanan günlər...

İndi yalvarışla haylanan günlər...

Gedənin gedibdi, ay qalan günlər -

Barı siz ömrümdən silinməz olun!

Bir də mən...

Heç nə yoxdu göz oxşayan, qəlb açan

Bir sükutdu, bir kədərdi, bir də mən...

Güləcəkmi, ,heç bilmirəm qəlb haçan ? -

Bir süqutdu, bir qədərdi... bir də mən!..

Gah küçədi, gah cığırdı keçdiyim

Gah enirdi, gah çıxırdı seçdiyim!..

Həyat üçün - ortadadı heçliyim -

Bir sübutdu, bir çəpərdi... bir də mən...

Tərgidibdi tay dolmağı buludum

Ehtiyac yox , kipriyimi qurudum!

Allah ilə aramda son umudum -

Bir sevgidi, bir nəfərdi, bir də mən.

 

Dünənlə söhbətin ŞEİRİ

Qağayı səsidi, bir də ləpələr

Qoşulur arada bu həzinliyə...

Xəyalım sahildə girib qoluna -

Səninlə çıxıbdı, bu gəzintiyə!..

Çəkir diqqətimi uzaq bir nöqtə

Kim isə oturub daşın üstündə....

Onun kimliyini bilənə qədər -

Sol əlim qalacaq qaşın üstündə!..

Çatacaq hayıma yaddaş Xızır tək -

Səni görəcəyəm həmin o yerdə...

Elə çırpınacaq sevincdən ürək -

Onu yazmaq olmur üç bənd şeirdə!

... Sahildə yaşanan xatirə- həyat

Məni bu günümün əlindən alıb...

Əvvəl düşünürdüm bitib bu kitab -

Gördüm ki, çox mövzu yarımçıq qalıb!

 

Gəlmisən...

İndicə bir səs eşitdim

İnandım, vallah, gəlmisən!

Dünyadan gizli dünyanda -

Olmusan, Allah, gəlmisən!..

Bəndənin bəndə haqqını

Ödəyib sən də haqqını...

Gəzəndə məndə haqqını -

Sınandım, vallah, gəlmisən!

Çoxdan köçüb "ahım yerdən

İnciyib , günahım yerdən!

Var olduğun ,şahım, yerdən -

Din andım, vallah, gəlmisən!

Söz kimində, nəyindədi -

Əlin, tay, bəy əlindədi !

Bir telin dəyərindədi -

Min andım, vallah, gəlmisən!

Dua çatıb, söz yetişib

Kül olacaq - köz, yetişib!

Bir azcada döz, yetişib -

Vaxt - de, bu sabah gəlmisən!

 

TƏKLİF

Çıx qarşıma, yenə məni ovsunla

Soz tapmayım.. hətta dilim titrəsin...

Sənə tərəf addım atım - bir...iki -

Üçüncüdə sol ayağım büdrəsin...

Dodağından qaçıb keçsin təbəssüm

Hiss edəndə varlığının gücünü ...

Demə ki ha, vurulmağa tələsdim -

Tanımadan sənin şıltaq bürcünü!

Mən susmaqla nəsə deyim, göstərim

Sən baxmaqla ifadə et özünü!

Əsgər kimi sıra tutub hisslərim -

Dinləməyə hazırdılar sözünü!..

Bu halımı öz halınla yarı bil

Ovsununun hikmətində , durulum...

Ürəyini ürəyimin barı bil -

Dönə- dönə, hər an sənə vurulum!