Şakir Xanhüseyinli - DOLU ÜRƏK BOŞALSA YEY

Ədəbiyyat 20:00 / 14.09.2026 Baxış sayı: 272

 

Dolu ürək boşalsa yey;

ağır bir yükə dönür lap

Sualı özümə verib

verə bilmədiyim cavab...

Bu, gör-götür dünyasıdı,

başıma nə çarə qılım;

Bəlkə yola çıxmayım heç,

nə büdrəyim, nə yıxılım?

Zənn edirəm suyu oda,

daşı lələ çeviririk;

Biz əl-ələ vermirik ki,

ayaq-ayağa veririk...

Qulaq deşən, bağır yaran

səslər, allah, batmış kimi.

Biri keçir qabağımdan

ayaq üstə yatmış kimi.

Ağlım görür, gözüm kəsir,

yağan yağış daş yağır, daş...

A qardaş, nədən ötrüdür

qucağına yığdığın daş?

Fəndlər işə düşür elə,

hayla gələn getmir huyla.

Qorxan yox, bir canı yanan

vurar adamı ahıyla...

Üç almadan keçib daha,

axı, göydən düşən nədir.

Başa düşənin də sözü

sözü başa düşənədir...

bir xatirəm oyananda

qəlbimdə şimşəklər çaxır;

bir ulduz da göydən enmir,

bax, hər şey uzaqdan baxır...

Ayağım hönkürür yola,

yol özündən getmiş kimi...

Susuz yerdə bitən gülün

ömrü çoxdan bitmiş kimi..