Ayaz Arabaçı - Susdu ürəyimiz,durdu qəlbimiz
Susdu ürəyimiz,durdu qəlbimiz,
Bilmirəm nə dedik,nədən danışdıq..
Səssizcə ayrıldıq, ayrılanda biz,
Elə bil hansısa uzaq tanışdıq.
Dilimdə gizlincə titrədi adın,
Ayrıldıq, neyləyək bu da bir işdi.
Getdin... Ardınca da dönüb baxmadın,
Sanki heç yolumuz kəsişməmişdi.
Sual da vermədim nə üçün,niyə,
Hicran son qədəhi başına çəkdi.
Bir dəfə baxardın dönüb geriyə,
Bəlkə bir möcüzə baş verəcəkdi.
İzsiz ötüşmədi bu ağır çilə,
Günlər bir-birinin üstünə düşdü.
Düzdü alışmışdın bu sevda ilə,
Amma məhəbbətim tüstünə düşdü.
Gizləyib içində ahu-zarını,
Adam hər ağrıyla yaşaya bilir.
Amma məhəbbətin yaralarını,
Nə illər aparır, nə yollar silir.
Alsa da içimi şaxta,qar,ayaz,
Nə sisdə axtardım,nə çəndə gəzdim.
Yox,ancaq sonralar dəyişdim bir az,
Bəzən bir küçədən keçəndə gəzdim.
Qanlı dəryalarda tükənir gücü,
Sahilə sağ çıxan hər gəmi olmur.
Sözdü də deyirlər təsəlli üçün,
Zaman yaraların məlhəmi olmur.
Tale günahkardı nə mən, nə də sən,
Qoydu bu sevdanı, çölün düzündə.
Sən uzaq bir ömrün sahilindənsən,
Mən uzaq bir ömrün başqa üzündə.
Susdu ürəyimiz,durdu qəlbimiz,
Bilmirəm nə dedik,nədən danışdıq..
Səssizcə ayrıldıq, ayrılanda biz,
Elə bil hansısa uzaq tanışdıq.