Saqif Qaratorpaq - Yenə çatdı qaşını

Ədəbiyyat 21:26 / 14.09.2026 Baxış sayı: 172

Yenə çatdı qaşını

ömrün qərib axşamı...

Sevgi öldürmür, ancaq

dəli edir adamı.

Korun-korun,gizlicə

tüstüləyir bir ocaq.

Ürəyimin ağrısı

gözlərimə çıxacaq.

Bu da qismətdi belə,

yazılıb alnımıza.

Bəlkə heç görüşmədik,

vədə vermə bu yaza.

Yollar elə uzaqdı,

Bəlkə gələ bilmədim.

Gözlərinin yaşını

Heyif, silə bilmədim...

Hər gün yollara baxıb

çox ağlama,nə olar...

O körpə ümidini

sellər yuyub aparar.

Bu dünyada heç kimin

Bircə gülü solmasın.

Gəlib səni tapacam

əgər dəli olmasam