Adilə Nəzərdən İKİ KÖVRƏK  ŞEİR

Ədəbiyyat 19:38 / 14.09.2026 Baxış sayı: 302

BU GECƏ VİDA VAXTI

(ağı)

Oyadın öz anamı,

Deyin ki, mən gəlmişəm.

Açıq yolu itirib,

Bu dəfə çən gəlmişəm.

Xəbər verin hamıya,

Oğlum gözümü yumsun.

Bacım sıxıb gözünü,

Layla deyib uyutsun.

Atama da bildirin,

O da çıxsın yoluma.

Bu ərköyün oğulun,

Gəlib girsin qoluna.

Yarım səssiz ağlasın,

Salmasın hay-həşiri.

Mənim nazlı Gülümü,

Yoxlasın günaşırı.

Çağırın doğmaları

Uğurlasınlar məni.

Yeni yol başlamaqcün,

Dönürəm son döngəni.

Bu gecə vida vaxtı,

Bir Allah var, bir də mən.

Haqq əlini uzaltdı,

Yükü aldı sinəmdən.

 

08.09.2026

 

 

Məzar başında

Yenə də gəlmişəm qəbrin üstünə,

Baş daşın dil açıb danışır, qardaş.

Gözümün yaşından islanan torpaq

Sənin yoxluğuna alışır, qardaş.

 

Nə deyim ağlayım bu soyuq daşa?

Səsin qulağımda, şəklin gözümdə.

Bacı dayaq deyir axı qardaşa,

Dözüm qalmayıb ki daha dizimdə...

 

Getdin, sıraladın sinəmdə dağı,

Gəzirəm pərişan, dilimdə ağı,

Soldu həyətinin o barlı bağı -

Atamın, anamın qonağı qardaş.

. 10.09.2026