Generalının qisasını alan qəhrəman - Cəbrayıl Dövlətzadə...

YAZARLAR 18:48 / 14.09.2026 Baxış sayı: 282

 

 

Daha bir qəhrəman, daha bir igidlik nümunəsi... Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi, “Azərbaycan bayrağı” ordenli Cəbrayıl Dövlətzadənin doğum günüdür. O Vətən uğrunda şəhadətə ucalanda cəmi 19 yaşı vardı. Amma onun bizə qısa gələn həyatı zəhməti, göstərdiyi şücaətlərlə və misilsiz qəhrəmanlığı ilə o qədər doludur ki, Cəbrayılın 19 yaşı olduğuna təəccüb edirsən...

Anası Məleykə xanım deyir ki, Cəbrayıl uşaq yalarından yaşıdlarından seçilirdi. Mehriban, xoşxasiyyət olan bu balaca oğlan erkən yaşlarından mərdliyi, cəsarəti ilə də fərqlənirdi. Onun 9 yaşı olarkən atası ilə anası ayrılanda və evin yükü anasının çiyninə düşəndə Cəbrayıl vaxtından əvvəl böyüməyə başladı. Anasına qoşulub işə yollandı, evə gec saatlarda gəldi, ancaq çəkdiyi əziyyətlər onu ruhdan salmadı. Əksinə, onu daha da bərkitdi və dözümlü elədi. Cəbrayıl həmişə anasının yanında olur və ona deyərdi ki, hər şey yaxşı olacaq! Bunun üçün o əlindən gələni edirdi. Hətta qardaş Türkiyədə işləmiş, az yaşında etibarı ilə özünə böyük hörmət qazanmşdı. Cəbrayılın qardaşı və bacısı da uşaqlıqdan ona güvənirdilər. O, ailəsi üçün nələr etmirdi ki...

Cəbrayıl istedadlı bir gənc idi. Əlindən çox iş gəlirdi. Rəsm çəkir, idmanla məşğul olur, hətta şeir yazdığı da olurdu... Amma o anadan sanki bir qəhrəman kimi doğulmuşdu. Hələ 10 yaşı olanda yazdığı inşadan da bu aydın hiss olunurdu. Cəbrayıl sinif yoldaşlarından fərqli olaraq həmin yazını ürəkdən yazmışdı. Yazıçı Azad Qaradərəli 19 yaşlı şəhid qəhrəman Cəbrayıl Dövlətzadənin taleyindən bəhs edən “Cəbrayıl əfsanəsi” adlı romanda da bu barədə yazılıb: “Uşaqlar pafoslu cümlələr yazmışdı. Amma mən ürəyimdən keçənləri qələmə almışdım. İnşanı oxuyanda hətta uşaqlar güldülər mənə. Bu vecimə də deyildi. Axı mən öz düşüncələrimi yazmışdım... Təxminən belə idi inşam: “Mübariz mənim sevimli qəhrəmanımdır. Onun etdiklərini indiyəcən heç kim bacarmayıb. Özündən sayca qat-qat çox düşmənlə vuruşmaqdan çəkinməyib. Bu qeyri-bərabər döyüşdə o, şəhid olub, amma adını ürəklərə yazıb. Mənim ürəyimdə də Mübarizin yeri var. Onun adı bizim könlümüzdə əbədi yaşayacaqdır.

Mən Mübariz İbrahimovun qəhrəmanlığını eşidəndə istədim ki, evdən qaçıb gedəm döyüş bölgəsinə. Bu barədə özümdən yaşca böyük bir dostuma danışanda güldü mənə. Dedi ki, sən böyü, güclən, sonra baxarıq. Mən də səninlə gedərəm”.

Vətən Müharibəsi sanki bir qəhəmanlıq məktəbi kimi sayseçmə igid oğullarımızı ortaya çıxardı. Cəbrayıl Dövlətzadə də həmin igidlərdən biri oldu. O, hələ müharibədən əvvəl general-mayor Polad Həşimovun şəhadətindən sonra özünə söz vermişdi. Söz vermişdi ki, Polad kimi bir qəhrəmanın qisasını düşməndən alacaq. Cəbrayıl sözünə əməl etdi. İkinci Vətən Müharibəsi başlayanda o, XTQ-in əsgəri kimi Vətənə xidmət edirdi. Cəbrayıl müharibənin elə ilk günündən Murovdağ istiqamətində özündən yaşca böyük olan igid oğullarımızla birgə Murovdağda döyüşlərə qatıldı. Uşaqlıqdan gözündə qorxu olamayan igid sanki illərlə bu anları gözləyirmiş. O, düşmən üzərinə cəngavər kimi hücuma keçdi. Ondan çox düşmən zabitini və polkovniki məhv elədi. Yalın əlləri ilə düşmən polkovnikini boğub öldürəndən sonra şir kimi nərə çəkdi. Onun səsi Murov dağlarında əks-səda verdi - “Qisasını aldım, Polad generalım!”

Anası deyir ki, övladımın necə səsur biri olduğunu bilirdim, amma onun belə qəhrəman olduğunu bilmirdim... Cəbrayıl indi də tez-tez anasının yuxusuna gələrək hər şeyin yenə də, yaxşı olacağını deyir...

İndi Cəbrayıl Dövlətzadənin adı-sanı dillərə dastan olub, bütün türk dünyası onun qəhrəmanlığından danışır. İllər keçəcək bu qəhrəmanlıq dildən-dilə, eldən-elə dolaşaraq, nağıllara, əfsanələrə çevriləcək. Ancaq bunlar Azərbaycanın Zəfər tarixinə yazılmış həqiqətlər kimi xalqın yaddaşına həkk ediləcək.

Cəbrayıl Dövlət oğlu Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıtda doğulub. Əslən zəngilanlı idi. Bir bacısı və bir qardaşı var. Cəbrayıl orta təhsilinə Sumqayıt şəhəri "Təfəkkür" liseyində başlayıb, daha sonra 2 saylı Qubadlı məktəbində oxumağa davam edib. Rəsm çəkib, musiqi bəstələyib, eyni zamanda 9 il cüdo ilə məşğul olub, idman sahəsində mükafatlara layiq görülüb. Cəbrayıl bir çox fərqli sahədə istedada sahib idi. O hətta yeniyetmə yaşlarında həvəskar rep ifaçısı da olub. Dininə bağlı böyüyüb. Allaha olan sevgisi onu 6 yaşından namaz qılmağa, ibadət etməyə sövq edib. O, Xüsusi təyinatlı əsgər idi. Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması 19 yaşlı əsgərə böyük təsir edib. Həmin gün özünə verdiyi söz həyatının devizinə çevrilib: "Polad Həşimovun qisasını alacağam!"

Odur ki, müharibə başlayanda öz ərizəsi ilə xüsusi təyinatlı tabora qoşulub. 44 günlük müharibə başlayan kimi könüllü olaraq döyüşə atılıb. Murovdağda düşmən mövqelərinin və xüsusi postların ələ keçirilməsi əməliyyatında 11 zabitlə yanaşı 19 yaşlı Cəbrayıl da iştirak edib. O, yalın əllə düşmən generalının, polkovnikin üstünə gedəndə hədəfinə çatdığını yaxşı bilirdi. Onun qarşısındakı rütbəsindən, kimliyindən asılı olmayaraq Polad Həşimovun qatili idi... Dövlətzadə düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalıb. O, bu hücum zamanı öncə erməni generalını öldürüb. Əlbəyaxa döyüşdə isə düşmən polkovnikini yalın əllərilə boğub. İşini bitirib, sağ-salamat gülə-gülə geriyə qayıdan vaxt ermənilər onu minomyotla gülləyə tutublar. Ağır yaralanıb, ermənilər onu əsir götürmək istəyiblər, ancaq dostları onu döyüş zonasından çıxarıb, bir igidimiz də o anda yaralanıb.

Cəbrayıl Dövlətzadə 2020-ci ilin sentyabrın 28-də şəhadətə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Cəbrayıl Dövlətzadə II Fəxri Xiyabanda general-mayor Polad Həşimovun yanında böyük ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları, həmçinin “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Cənnətdəki doğum günün - 25 illik yubileyin mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, nurüzlü, qəhrəman Cəbrayıl!

Mina RƏŞİD