Qəşəm İsabəyli - QOŞA   SIFIR

YAZARLAR 10:43 / 13.09.2026 Baxış sayı: 649

 

(miniatür hekayə)

Özümü 40-50 yaşlarında hiss eləsəm də... təbiət ondan artığını verib mənə. Nəinki o “artığ”ı, hətta bu “azlıq”ları da, yəni 40-50-ni deyirəm, inanın, görməzdən gəlirəm.

Yaşı-maşı fikrimə yük eləyən də deyiləm heç. Odur ki, kimə baxıram, ürəyim sinəmi yumruqlayır: “Vallah, əziz dost, o səndən azı 3-4 bayram böyükdü!”

Ayın 14-ü, yubileyim günü...

Günorta üstü çıxdım evdən.

Fikirləşirdim ki, yaydı, dondurma alsam yaxşıdı.

“Ləzzət”in yanından keçəndə nəfsim mənə güc gəldi. “Ölmək ölməkdi, xırıldamaq nə deməkdi”.

Girdim “Ləzzət”ə.

–Müəllim, nə yazaq tortun üstünə?

– 00.

–“O”la başlayır adınız?

–Xanım, rəqəmlə yazın – qoşa 00.

“Ləzzət”dən çıxıb, ad günü məclisimə girəndə alqış qopdu.

Ləzzəti qutudan çıxartdım.

Tələbə dostlarımın gözləri bərələ qaldı:

–Bu nədi?!

–Gördüyünüz.

–Demək istəyirsən ki, sıfır-sıfırdı yaşın?!

–Xeyr, sadəcə yaşımı sıfırlamışam.

12-14.08.2026