Rəfail Tağızadə - Doğma adam
Mən susarkən danışdıqlarımı eşitdinmi?
Gördünmü, bildinmi ağrıları?
Getmək hər şeyin sonu deyil,
bəzən başlanğıcdı.
Yoxluq sənsizlikdən başlar.
Susmaq danışmamaq deyil.
Susmaq olanları sakitcə anlatmaqdı;
içdən-içə,
baxışdan-baxışa danışmaqdı.
Sən susarkən,
mən səni danışdığın kimi anlayıram.
Düşündüyün cümlələr ötür
göz önündən,
qəlbinin şəkli ilə birlikdə.
Doğmaların baxışları
adamın içindən keçir.
Hissləri, duyğuları oxuya,
görünməyənləri görə bilir.
Ruhum səni izləyir.
Nə qədər uzaqda olsan da,
mən səni görürəm, doğma adam.