Nüsrət Kəsəmənli  -  “Unuda bilmirəm”

Ədəbiyyat 20:18 / 12.09.2026 Baxış sayı: 536

 

Mən səni unuda bilmirəm axı…

Unutsam, nələri unudam gərək!

Göylərə baxmışıq aylı gecədə

Unutsam, göyləri unudam gərək!

 

Dənizi unudum, ya dalğaları?

Xatirən yadımdan çıxaydı barı

Payızda xəzanı, qışdasa qarı

Baharda gülləri unudam gərək!

 

De, necə unudum mən səni, necə?

Sevgi durna deyil payızda köçə

Yuxuma gəlirsən mənim hər gecə

Ayları, illəri unudam gərək!

 

Sənin xəyalındır həsrətlə baxan

Adındır hər saat qarşıma çıxan

Qarışıb şəklinə gözümdən axan

Yağışı, selləri unudam gərək!

 

Sinəmdə peşiman ürəyim qaldı…

Uçdun, əllərimdə lələyin qaldı

Nələri itirib, bax nəyim qaldı

Nələri, nələri unudam gərək!