Saqif Qaratorpaq - Özünü sahilə çırpan

Ədəbiyyat 11:12 / 10.09.2026 Baxış sayı: 190

 

***

Özünü sahilə çırpan

Dənizdi ürəyim bu gecə,

Ayaq səsini eşidincə susar,

Dönər quzuya.

Sən yazan yazıya

Qələmdi barmaqlarım,

Nəğmə oxuyur sonsuzluğa...

Çətini “A”-nı yazmaqdı,

Ürək işidi birinci addım.

Sonra ardınca hamısı gələr,

“Z”-yəcən.

Dodaqlar sözsüz də

Danışa bilir...

Nələr dediyini sonra deyəcəm...

Küskünlüyün bitdiyi yerdəyik,

Ümidsizliyə nöqtədi baxışlar.

Kimliyimi soruşmur kipriklərin...

Pozulan sərhədlərin

O tayındadı əllərim.

Başım üstə göy yox,

Ayağım altdan yer qaçıb,

Neçənci qatındayam hududsuzluğun?

Nə fərqi?

Düşünmə...

Sus...