Ay  Bəniz  Əliyar - Mən bir dəniz fənəriyəm,

Ədəbiyyat 09:17 / 10.09.2026 Baxış sayı: 267

mən bir dəniz fənəriyəm,

hey gecə-gündüz yanıram.

yuxum çətir ola bilmir,

günəş altda islanıram.

 

ömür elə budur yəqin,-

bir göz qırpımında keçən.

atam külək, anam dalğa,

çırpır məni səhərəcən.

 

döyüşdəyəm ömür adlı,

başımı belə qatıram.

gah gəmini, gah limanı,

gah suları aldadıram.

Ömür gəmi, tale liman,

boş-boş xəyaldır boz sular.

mən bir dəniz fənəriyəm,

haqqımdı bütün arzular.

Sonuncu işığam sanki,

ömrün mənə son qəstidi.

bir qərib hiss var içimdə,

can üstdədi, can üstdədi.