Fariz Süleymanoğlundan  İKİ   ŞEİR

Ədəbiyyat 14:45 / 09.09.2026 Baxış sayı: 906

 

 

ATILMIŞ KİTAB

 

Köhnə əşyalarla birgə qutuda

Atılmış bir kitab gözümü çəkdi.

O köhnə kitabdan yüksələn nida

Qəlbimə toxundu, sözümü çəkdi.

 

Sınıq əşyalara onu tay tutan,

Oxuyub ruhuna dalan başqadı.

Şübhə etmirəm ki, küçəyə atan,

Kitabı o evə alan başqadı.

 

Nə bilsin, yazarın illəri gedib,

Kitabı ərsəyə gətirmək üçün.

Onlarla xəzinə saf-çürük edib,

Yazıb oxucuya yetirmək üçün.

 

Kitab, oxumayan insan əlində,

Sınıq əşyalara tay olub gedir.

Nə qədər gövhər var nadan əlində.

Çox heyif... gün-gündən zay olub gedir.

 

Evdəki rəfdəysə onun yerini,

Üzü xoş, içi boş bir kitab alıb.

Alan çevirməyib bir vərəqini,

Sanki bir suvenir, ya da qab alıb.

 

Onun sadəliyə hörmətidir bu,

Düşünür ki, qutu, qabıq dəyərdi.

Bəlkə, iç üzünün qiymətidir bu?

Yoxsa, öz qiyməti qabıq qədərdi?!

 

Atılmış kitabın üzü bəzəksiz,

İçi xəzinəydi... burdadı əsrar!

Aldanırıq hərdən bu cildlərə biz,

Onların altında bilsək nələr var!

 

Həyatın gerçəyi belədir, görək!

Bəzək-düzəklilər vitrinə dolur.

Ey Qərib, sadələr “dərs alsın” gərək,

Sadəlik atılmaq səbəbi olur!

 

 

 

SEZİLƏR

 

Duyğularla yoğrulub,

Ürəyimdən süzülər,

Sözə dönüb, vərəqdə

Misralara düzülər.

 

İncə məna daşıyar,

Al, daş qəlbdə daşı yar.

Bir yaranı qaşıyar,

Bir yaralı üzülər.

 

Bir xəbisi qızdırar,

Əhvalını pozdurar,

Ora-bura yozdurar,

Bağrı çatlar, əzilər.

 

Bəzən gizli oxunar,

Yayı duyğu, oxu nar.

Bir gözələ toxunar,

Dodaqları büzülər.

 

Bir ürəyə tuş gələr,

İşarə tanış gələr,

Gözlərinə yaş gələr,

O lal dili çözülər.

 

Yorubdu qayğıları,

Qaçıbdı uyğuları,

Qəribin duyğuları

Misralardan sezilər.