Xatirə Rəhimbəyli - Atdığınız daşla, bilirsinizmi
Atdığınız daşla, bilirsinizmi,
Ayağım altına daş qoymusunuz?
Sınmış etibarın qəbri üstə gül,
Bulaq gözlərimə yaş qoymusunuz...
Daş-daş ucalıram,daş-daş susuram,
Sizə danmı gəlir daşa dönməyim?
Dağ çayı kimiyəm,axıb getmişəm,
Ta ALLAHa qalıb başa dönməyim.
Yüngüllər özünü dartar önümdə,
Mənim gücüm çatmaz özümü çəkim.
Özünüz gözümü qırdınız ki,mən
Daha üstünüzdən gözümü çəkim...
Yaralı ürəyim dağ-dağ olunca
Bərkiyib beləcə dağ oluram ,dağ.
Soyuyur ürəyim,soyuyur üzüm,
Nədi?Daş adama olmur sığınmaq?
Daş-qalaq etdikcə duyğularımı
Ayağım altına bir dağ qalandı...
İndi ağı deyin,bayatı çəkin:
Mən aşiq dağda yandı,
Şamama tağda yandı.
Dalımı dağa söykədim,
Alışdı dağ da yandı.
Nədi?Dağ adama olmur sığınmaq?....!
26.08.17.