Könül Nuriyeva - İnsan təbiəti.
Adamı duyğu yağışında islanır. Bu yay da bitdi, bu yay da ömrümüzü bir fəsillik qısaltdı. Bu yayda itirdiklərimiz və qazandıqlarımız oldu. Bu yay “əlvida!” söyləməyi bacardıq. Bu yay böyüdük. Bu yay xəstələndik, sağaldıq, günəşi, dənizi doya- doya yaşadıq. Bu yayın 14 avqustu oldu. Bu yay ad günlərimizi canımız qədər isti adamlarla yaşadıq, güldük, kədərləndik, ağladıq. Nəticədə insan olduq, yaşadıq dəli- dolu, dəcəl bir yayı…
Səninçün darıxıram və çox dərin və mənalı nələrsə yazmaq istəyirəm. Sonra yadımda düşür ki, sənin dərin məsələlərlə aran yoxdur. Sən mənalı cümlələri görmürsən, fərq etmirsən.
Səni görmək istəyirəm. Sonra yadıma düşür ki, sənə bir daha baxmamaq üçün özümə söz vermişəm.
Səninlə danışmaq istəyirəm. Sonra yadıma düşür ki, sənə bütün sözlərimi demişəm, ürəyimdə bircə söz belə qalmayıb, hamsını söyləmişəm.
Sənə yaxşılıq etmək istəyirəm. Yenə yadıma düşür ki, əlimdən nə gəlirsə səninçün etmişəm. Səni çox sevmişəm, səni öymüşəm, sənin işində sənə kömək etmişəm, sənə sadiq olmuşam, sənin sirrlərini bir adama belə söyləməmişəm, səni ürəyimin ən gözəl yerində saxlamışam.
Sənə uğur arzulamaq istəyirəm, yadıma düşür ki, axı hər gün dualarımdasan, axı hər saat fikrimdəsən.
Sənə bir şeir yazmaq və ya sənin hekayəni yazmaq istəyirəm. Sənə musiqi göndərmək də yaxşı fikrə oxşayır. “Lənətə gəlsin!” deyib, gülümsəyirəm. Axı bu adamın musiqiylə arası yoxdur, axı bu adam musiqi dinləmir, axı o şeir oxumur, axı o hekayələrin mənasını anlamır.
Sonra reallığı dərk edirəm. Zövqləri müxtəlif adamların ayrılıqları labüddür. Rəsm əsərinə baxıb ordakı incəsənətin ruhunu duymayan adamı sevmək ayrı faciədir. Amma, heç bəlkə də faciə deyil. Həmişə demişəm,- təzadlar inkişafa və yeniliyə gətirir.
Bəlkə sən belə olmağınla mənim kamilliyimin səbəbisən? Bəlkə sən öz təbii varlığınla, bayağılıqdan uzaq olmağınla mənim təbiəti sevməyimə böyük kömək edibsən? Mən təbiətin qoyununda məhz buna görə səni düşünmüşəm…
Bəlkə, sən şeiri, musiqini çoxu kimi yalnız boğazdan yuxarı kəlmələrlə “sevsəydin”, mən şeir, musiqi, film axtarışlarına bu qədər zaman sərf etməz və ən yaxşıya çatmazdım.
Sənin sadəliyin mənim mürəkkəbliyimin açarıdır, desəm, bu əsl həqiqəti əks etdirər.
Sən xəyallarda deyilsən, sən reallığı, müasirliyi, bu günü əks etdirirsən. Sən buludlara qalxanları sərt cümlələrinlə yerin dərdlərini həll etməyə səsləyirsən. Əslində sənin sözlərin və səsin yoxdur. Bircə baxışın bəs edir, adam ətrafına baxsın, öz qabığından çıxsın.
İki insanın birlikdə bir yolu ola bilər,- biri sadədir, biri mürəkkəb. Biri incənət ruhludur, biri reallığın və məişətin əksidir. Biri sözlərlə nəfəs alır, o birinin qarnı tox olanda onun üçün hər şey gözəlləşir. Amma bəsit qəlizin inkişaf səbəbidir, ondan ruh alır, onunla təskinlik tapır, onu düşünür, yazıb- yaratdıqlarının səbəbi, ilham pərisi o olur.
Maraqlıdır, deyilmi?
İnsan təbiəti çox maraqlıdır, elədirmi?