SÜLEYMAN ABDULLA - DÖRDLÜKLƏR-2
Göy üzü qaynayır, qarışmaqda şər,
Bağçada dolaşır bir yad hənirti.
İldırım adını çəkməyin, düşər,-
Arada buludlar gümüldənirdi.
***
Səbəb var idimi qoymağa xına,
Olmur hər olanı ən üzdə tutmaq.
Tutdum əllərimi suyun altına,
Yaman çətin imiş suç üstə tutmaq.
***
Sağda sarı armud, solda ağ alma,
Susayıb qonmuşdu susmuş quş arxa.
Çatmadı ünvana alyanaq alma,
Yel vurub salmışdı qurumuş arxa.
***
Məhbəs ömrümüzün tən ortasından,
Keçdi Saatlının bir saatsızı.
Çıxdıq dost toyundan, düşmən yasından,
Sıxdıq köksümüzdə qəlbi çatsızı?
***
Gözümüz yoldadır ağrı dada, dost,
Bir də qulağımız susan səsdədir.
Ruhun uçuşuna çox varsa da, dost,
Cismimiz ömürlük "turbules"dədir.
***
İndi necə edək tərəf tutmağı,
Bilmək üçün bir iş yapmır millimiz.
Nə zamandır tərgidibdir udmağı,
Uduzmağa ölkə tapmır millimiz...