Fərhad Tapdıqoğlu - Boy

YAZARLAR 11:29 / 10.09.2026 Baxış sayı: 213

 

( hekayə)

Moskva ətrafında yerləşən sanatoriyaların birində,bir otaqda qalan iki nəfəri orada müalicə olunanlar hamısı tanıyırdı. Uca-boy-lu,enlikürək kişinin adı Faiq idi ,Sumqayıtdan gəlmişdi.

Ondan boy-da xeyli kiçik olan Rəhman isə Göran-boy-dan idi.Faiq sənaye müəssisələrinin birində sazlayıcı ,Rəhman isə məişət xidmətində işləyirdi,dərzi idi.

Həmkarlar ittifaqı təşkilatının göndərişi ilə pulsuz olaraq 24 gün həmin sanatoriyada prosedurlar qəbul edir,istirahət edirdilər.

Günün müəyyən saatlarında

isə sanatoriyanın həyətində oturacaqların birində əyləşib ,söhbətləşirdilər. Faiq özü ilə " Vesna" markalı ,o illər dəbdə olan maqnitafon da gətirmişdi.Kasetləri də vardı

Gah muğama,gah da mahnılara gün ərzində dəfələrlə qulaq asırdılar.Aşıq Şakirin ifasında " Boy-lana- boy-lana " mahnısı,o illər çox sevilən özbək mahnısı "Qaragöz boy,boy " mahnısı onların ən çox sevdikləri mahnılardan idi.

... Faiq hərdən Rəhmana sataşırdı:

--Ay Rəhman ,sənin boy-un niyə balacadır belə?

Boy-un bir azca da gödək olsaydı," liliput" olardın.

Rəhman da dərhal cavab verirdi:

--Eşitməmisən uzunun ağlı topuğunda olar?( gülür).Uzun boy olub ,neynəmisən? Dünyanı həmişə kiçik boy-u olanlar idarə ediblər.

Bir cinas beyt gəldi bədahətən:

" Vurğunam səndəki buxuna- boy-a,

Gözəl əməllərlə qəlbini boy-a" .Necədir?

Faiq onun sözlərindən incimirdi.O da yenidən zarafatlaşırdı:

--Əladır beyt.Ay Rəhman ,bir tapmaca vardı ee " Bir balaca boy-u var,damdolusu toyu var" Alçaq-boy-lu insanlar çox iddialı olurlar.Bəzən elə adamlar üçün deyirlər ki," o boy-da da yerin altındadır"

-- Qardaş ,insanın fiziki boy-u ayağının altından başına qədər olan məsafədir. Amma mənəvi boy-u başından göylərə qədər olan məsafə ilə ölçülür.Belə ki,narahat olma mənim üçün.(gülür).

- Başa düşdüm.Elə boy-dan söz düşmüşkən orta məktəbdə " neft boy maddəsi" haqqında olan dərs yadındadır?

--Əlbəttə yadımdadır.Bəs sən botanikadan boy-madərən bitkisi haqqında oxuduğumuzu xatırlayırsan? Bəs boy-ana haqqında?

- Boy-madərəndən qankəsici,iltihab əleyhinə istifadə olunur.Boy-anadan isə mən bildiyim qədər dovğada istifadə edirlər.

- Mən "Dədə Qorqud " dastanını da oxumuşam,12 boy-dan ibarətdir.

- Mən dastanı da oxumuşam,hələ kinosuna da baxmışam.

-- Mən də.Bilirsən də mən rayon mərkəzində yaşayıram.Amma kəndə tez- tez gedirdim. Qardaşım kənddə yaşayırdı..Bir də görürdün ana oğluna qarğış eləyir: " boy-unu yerə soxum,yaxud boy-una qamış ölçüm. Nə boy- boy-a vermisiniz.Bostanda alaq adam boy-undadır"

- Guya şəhərdə qarğış eləmirlər? Mən də çox eşitmişəm.Qonşu binada bir arvad qarğış eləyəndə deyirdi: " Görüm qanına bələnəsən, boy-anasan."

--Mənim iş yerimdə boy-nu yoğun biri vardı."Qırx qazanın damazlığı idi". Hər yerdən xəbər verirdi. Boy-at çörəyi xoşlardı.İşdə isə boy-lanırdı görsün ki,kim neyniyir.

--Bəs bizdə iş yerində əməlbaşı Fatma?! Dad onun əlindən.

--- Kiçik boy-ludan söz düşmüşkən deyirdilər ki,rayonların birində Rəşid adlı bir kiçik boy-lu var.Sinəsinə Leninin və Stalinin şəklini döydürüb. .Qollarını yaxınlaşdıranda Leninlə Stalin öpüşür. Ona " əjdaha Rəşid" deyirlər.Balaca boy-uynan nə hoqqalardan çıxır ?!

--- Yadıma Nəstəli düşdü.O həmişə deyir ki, "qəzetlərdə

ayın tarixindən başqa hər şey yalandı" Xədicə var şəhərimizdə ,əlildi, nitq qüsurludu," semiçka" satır.Get- gedə ya semiçka stəkanının " boy-u" balacalaşır, ya da plastmas stəkanın içinə ,alt hissəsinə kağız ,karton qoyur,elə bütün " semiçka" satanlar kimi...

...Bax beləcə hər gün söhbət edə- edə sanatoriya günlərini başa vurdular.Qayıdanda Rəhman bir gün Faiq gildə qaldı.Faiqin üç yaşında bir qızı,bir yaşında oğlu vardı.

Dostlar zarafatlaşdılar yenə.

Deyib güldülər.Faiq Rəhmana "qazanın dibini qaşıdığından" toylarında bərk yağış yağdığını söylədi.

...Bir müddətdən sonra Faiq ailəsi ilə Rəhmangilə qonaq oldu.Rəhmanın da 2 yaşında bir oğlu vardı ,həyat yoldaşı isə boy-lu ( hamilə) idi ,uşaq gözləyirdi.Rəhman burda da zarafata keçdi:

-- Mən uşaq olanda deyərdilər ki,yeməyini sona kimi ye ki," nişanlın göyçək olsun".Görürsən komandirim necə göyçəkdir?! Gülüşdülər.

--- Yadıma düşdü .Mən balaca vaxtı qız uşaqları ilə söhbətləşir,oynayırdım.Mənə " qızbibi" deyirdilər.Elə uşaq yaşlarımdan gördüyün bu uca-boy-lu xanımımı seçdim,sevdim...

... Bir müddət əlaqə saxladılar.Sonra SSRİ-nin dağılması ,birinci Qarabağ müharibəsi,işsizlik və sairə səbəblərdən uzun illər bir - birlərini arayıb axtarmadılar.

Rəhman Gəncə şəhərinə köçüb orada yaşayır,,işləyirdi.Faiq isə Bakıda " novostoyka"dan( yeni tikililərdən) mənzil almışdı.

... Faiq kişi televiziya kanallarının birində verilişə çıxıb ,Rəhman adlı dostunu

axtardığını elan etdi. Verilişə baxan Rəhman kişi dərhal studiyanı yığdı...

...Rəhman kişi evdən çıxanda Günəş üfüqdən boy-lanırdı. O yol-boy-u uzun illərdən sonra dostu ilə necə görüşəcəklərini götür-qoy edirdi...

...Bir neçə saatdan sonra o, Faiq kişinin yaşadığı ünvana çatdı.

Faiq kişi də eyvandan boy-lanırdı. Rəhman kişini görən kimi tanıdı,qaça- qaça aşağı düşdü,qucaqlaşdılar və liftlə Faiqin yaşadığı mərtəbəyə qalxıb,onun mənzilinə daxil oldular.

Süfrə arxasında şirin söhbət başladı.Rəhman kişi oğlunun evləndiyini,iki nəvəsi olduğunu dedi.Qızının isə Bakıda həkim işlədiyini ,hələ ailə qurmadığını söylədi.Amma anası deyir ki,"qızımızı da bir oğlan istəyir."

Faiq kişi isə qızının üç uşaq anası olduğunu,oğlunun isə subay olduğunu ,amma bir qız sevdiyini söylədi və yaxın günlərdə elçi gedəcəklərini bildirdi.Qızın valideynlərinin də Gəncədə yaşadıqlarını dedi .

Bu zaman qapının zəngi çalındı. Gələn Faiqin oğlu idi.Atası kimi yaraşıqlı ,boy-lu- buxunlu.

Görüşdülər.

Faiq kişi söhbətə davam etdi.Rəhman kişiyə dedi:

--- Oğlum istəyən qızın şəklinə baxmaq istəyirsən?

--Əlbəttə ,göstər.

Rəhman kişi şəklə baxdı.Şəkildən boy-lanan onun doğmaca qızı idi...