Sədaqət Kərimova - Yayı gözləyirik biz qış uzunu
Yayı gözləyirik biz qış uzunu,
Ayları həsrətlə yola veririk.
Yaya saxlayırıq neçə arzunu,
Ah neçə, ah necə ümid dəririk.
Payızın saralmış yarpaqlarına,
Dörd yana ələnən qəmli ətrinə,
Qışın inadına, yazın nazına
Dözürük gələcək yayın xətrinə.
Guya nələr isə olacaq yayda,
Ömrümüz bir başqa çalar alacaq.
Guya könlümüzü gün qızdıracaq,
Ruhumuz bir ayrı hava çalacaq.
Yay da ki, gec gəlib, tez keçir yaman,
Bir nəfəs dərməyə amanı çatmır.
İstiyə, bürküyə qarışır başı,
Arzuya, murada zamanı çatmır.
Arxada aldanmış ümidlər qoyub,
Yay son günlərini yaşamaqdadır.
Payız nəsimini hiss edən ürək
Öz kədər yükünü daşımaqdadır.