QIFILDA   AÇAN   GÜL  - Sədaqət KƏRİMOVA

YAZARLAR 18:06 / 08.09.2026 Baxış sayı: 651

 

Tərk edilmiş kənddə köhnə bir evin qapısından asılmış qıfıl diqqətimi çəkdi. Pas basmışdı, amma qəribədir - üstündə gül açmışdı. Sanki illərdir açılmayan o qapının arxasında həyat sussa da, təbiət yaşamaqda davam edirdi.

Dayanıb uzun-uzadı ona baxdım.

Kənd sakit idi. O qədər sakit ki, öz addımlarımın səsindən belə diksinirdim. Bir vaxtlar bu küçələrdə uşaqlar qaçışıb, həyətlərdə ocaq qalanıb, qapılar səhərlər açılıb, axşamlar bağlanıb. Bu qapının ağzında da kimsə yol gözləyib, uzaqdan gələn doğmasını qarşılayıb, gedəni yola salıb. İndi isə nə gələn vardı, nə gedən. Qapılar bağlı, pəncərələr lal, həyətlər kimsəsiz idi.

Bəzən insanın ürəyində də tərk edilmiş evlər olur. Vaxtilə sevincin yaşadığı, ümidin işıq yandırdığı o evlərin qapıları bir-bir bağlanır. Sonra onlara görünməz qıfıllar vurulur. Zaman keçir, qıfılları pas basır. Onları açmağa nə güc qalır, nə də həvəs.

Mən də sanki iki qapının qarşısında dayanmışdım - bu köhnə evin və öz ürəyimin qapısı qarşısında. Amma qıfılın üstündə gül açmışdı...

Bu mənzərədə qəribə, izaholunmaz bir məna vardı. O balaca gülün nə torpağı vardı, nə də ona su verən. Heç kim onu əkib-becərməmişdi. O, pasın, dəmirin, darlığın və sükutun arasından özünə yol açıb boy vermişdi.

Qıfıl mənə heç nə demirdi. Amma o balaca gül sözsüz təsəlli verirdi. Sanki pıçıldayırdı: Hər şeyin bitdiyini düşündüyün yerdə də həyat yenidən başlaya bilər.

Kəndin sükutu birdən mənə əvvəlki qədər ağır gəlmədi. Qapılar yenə bağlı, həyətlər yenə boş idi. Mənim kədərim də yox olmamışdı. Amma o kədərin içindən kövrək bir işıq süzülürdü.

Bir də qıfıla baxdım. Paslı, köhnə, illərdir açılmayan bir qıfıl...

Üstündə isə gül açmışdı.