Təranə Məmməd - Payız olmaq istəyirəm
Hərdən istəyirəm payıza dönüm,
Payıztək kövrəlim, payıztək sönüm...
Çevrilib fəsilə bir axşam çağı,
Gəzim payız kimi aranı, dağı.
Zəfəran rəngində örpək bağlayım,
Payız buludutək dolum, ağlayım...
Sonatək göllərin suyunda üzüm,
Sinəmə yarpaqdan silsilə düzüm.
Yarpaq tökümünün altında durum,
Saralmış budaqlar çətirim olsun,
Əlimi payızın rənginə vurum,
Qəlbim sonbaharın ətriylə dolsun.
Hərdən istəyirəm payıza dönüm,
Çevrilim payızın xoş ahənginə.
O qızmar günəşli, çiçəkli yaydan,
Ayrılım sərt qışdan, gözəl bahardan,
Qoşulub payızın qızıl rənginə,
Gedim buralardan...