HEÇ OLMASA YAD KİMİ - Coşqun Xəliloğlu
Ədəbiyyat
20:37 / 08.09.2026
Baxış sayı: 791
Dolmuşam bulud kimi,
Köklənmişəm ud kimi,
Yaşayıram ömrümü
Sonuncu umud kimi.
Su töküblər üstümə,
Hey baxırlar tüstümə,
Qızınan yox istimə,
Kül altında od kimi.
Dərddən döndüm ozana,
Şükürlər bəxt yazana,
Tuş olmuşam xəzana-
Vaxtsız solmuş ot kimi.
Dost-tanış düşüb iraq,
Dərdlərim varaq-varaq,
Məni edən yox soraq,
Heç olmasa yad kimi...