Qəşəm   Nəcəfzadə : - Sən çoxdan ölmüsən, şeirim..- 

Ədəbiyyat 21:00 / 08.09.2026 Baxış sayı: 658

Sən çoxdan ölmüsən, şeirim,

Çoxdan ölmüsən

Sən gərək şəhərə gəlməyəydin heç,

Quzu otaraydın çölün düzündə.

Tapaydın dünyanın xoşbəxtliyini,

Qoyun çəhlimində, dəvə gözündə.

Atın yalmanından yapışaydın sən,

Küləklə, yağışla yarışaydın sən.

Bu xalqa, millətə lazım deyilsən,

Sən çoxdan ölmüsən, şerim,

Çoxdan ölmüsən,

Qayıt Allahın yanına.

Sən şirkət deyilsən, neft-yağ deyilsən,

Sən şərik deyilsən, ortaq deyilsən,

Sən güləş deyilsən, ayaq deyilsən,

Sən nəyə lazımsan,

Sən çoxdan ölmüsən, şeirim,

Çoxdan ölmüsən.

Qayıt anamın yanına.

Səməd Vurğun haqqı, bayatı haqqı,

Doğma Bakımızın pul bazarında,

Maşın bazarında, qul bazarında,

O milli Məclisin dərd-azarında,

Sənin qəpik qədər hörmətin yoxdu.

Nəsimi ruhunun dəfnisən şeirim,

Nizami, Fizuli bəhrisən şeirim,

Sən nəyə gərəksən, nəyə gərəksən,

Sən çoxdan ölmüsən, şeirim

çoxdan ölmüsən.

Qayıt ruhumun yanına.