Ay  Bəniz Əliyar - Elə istəyirəm durub qışqıram...

Ədəbiyyat 08:45 / 09.09.2026 Baxış sayı: 253

Elə istəyirəm durub qışqıram,

Stereotipləri birbəbir qıram,

Yalançı bir kürsü tapam özümə,

Yağlı tərifləri salam izimə,

Yalançı alqışlar, yalançı vədlər,

Saxta mükafatlar, quru dəvətlər,

Düzüb qoşam elə, durmadan bir an,

Dünya boyda ola yalançı meydan.

Yalançı adamlar doldurum ora,

Sonra ocaq çatam bu yalanlara.

Stereotipləri birbəbir qıram,

Dünyada nə yalan varsa dolduram,

Hamsına od vuram, bir kibrit çaxam,

Qışqıra-qışqıra kənardan baxam.

Görüm çırthaçırtla yanan üzləri,

Saxta sevgiləri, boş məclisləri.

Gerçəklik adıyla gizlənən nə var,

Saxta naxışlarla süslənən nə var,

Yansın birər-birər, şahidi olum,

Bəlkə ləzzət alım, bəlkə həzz alım.

Bəlkə bu yanğıdan qəlbim ovuna,

Ruhum təslim ola beləcə Ona!

Ona - Gerçəkliyin əsl özünə,

Dönəm Gerçəkliyin əsl üzünə!

Yağlı bəhanələr, yüngül qılıqlar,

Yalançı dostluqlar, saxta sağlıqlar,

Çatdığım ocaqda yansın istərəm,

Tanrı qismət etsin, mən də bir görəm,

Mən də barıt tökəm, yandırıb yaxam,

Qışqıra-qışqıra kənardan baxam.

Gündüz usanmadan, gecə yatmadan,

Bu haqq savaşıma haram qatmadan,

Savaşam aldığım son nəfəsədək,

Beləcə səbrlə, birbəbir, tək-tək,

Bəlkə yalanların evini yıxam,

Bəlkə yalanların sonuna çıxam,

Belini sındıram, dizini qıram,

Kimsə yalan yerə səcdə qılmasın.

Elə qışqıram ki, elə qışqıram,

Sonda qışqırmağa gücüm qalmasın.