Sevinc  Qərib - ÜNVANINI BİLMİRƏM

Ədəbiyyat 19:15 / 12.09.2026 Baxış sayı: 525

 

Bilsəm darıxırsan qürurumdan keçərəm,

gəlib küçənizin tinindəcə duraram.

Su satandan su alıb birnəfəsə içərəm,

bir bəhanə uydurub nömrənə zəng vuraram.

 

Deyərəm, təsadüfən küçənizdən keçirdim,

elə-belə zəng etdim, dedim görüm necəsən?

İstəsən çıx eyvana uzaqdan görüm səni,

ya da en gəl aşağı, özüm görüm necəsən.

 

Saçlarının ağında gəzdirim baxışımı,

xəyalım daraq olsun tellərini darayım.

Sən gözünün ucuyla bax üzümə arada,

mən sınıxmış çöhrəndə bir təbəssüm arayım.

 

Gizlədim əllərimi gödəkcəmin cibində,

darıxan əllərinə qəfil qonaq gəlməsin.

Sıxım dodaqlarımı dişlərim arasında,

ürəyimdən keçəni dil-dodağın bilməsin.

 

Bilirəm darıxmırsan, könlümü tox tuturam,

aldanıb iç səsimə sizə tərəf gəlmirəm.

Bir söz idi... dedim də, hesab et deməmişəm..,

ürəyin atlanmasın ünvanını bilmirəm.