SÜLEYMAN ABDULLA - DAĞLAR
Nə mən anlayandı, nə də siz bilən,
Bu zülm bütövdümü, paramı, dağlar?
Çıxdı sonumuza qanun deyilən,
Aldandıq dövlətə-varamı, dağlar?
Dağ dedik, yad əllə dağlandı yollar,
Düşmədik ağına, ağlandı yollar.
Hər "gedim" deyəndə bağlandı yollar,
Düşdü doluyamı, qaramı, dağlar?
Çıxdı sonumuza sirli aşılar,
Başa dırmaşandan yadlar, naşılar.
Qıydı canımıza quldurbaşılar,
Kəsdi yolumuzu haramı, dağlar.
Qarışdı dünyanın halal-haramı,
Sinəndə qövr edən təzə yaramı?
Güllü gülüstanın qaldı xaramı,
Uca zirvələrin saramı, dağlar?
Zalımlar qoydumu ağ gün yaşayaq,
Dəyənək baş yardı, qırdı daş ayaq...
Nə olsun səhradır, qumdur baş-ayaq,
Gedək Butanamı, CAR-amı, dağlar?
P. S. "Dağlar" rədifli çoxlu şeirlər yazılıb, oxşar olanı da var, fərqli olanı da...
Dedim mən də qələmimi yoxlayım...