VAXTSIZ-VƏDƏSİZ  - Ələddin Əzimli

Ədəbiyyat 21:20 / 13.09.2026 Baxış sayı: 200

 

Uçdu uzaqlara ömrün baharı,

Baxa-baxa qaldım mən sənə sarı.

Unuda bilmirəm o duyğuları,

Məndən hayıf aldın, vaxtsız-vədəsiz?!

Bir zaman gözümü örtdü əllərin,

Gözümün yaşını öpdü əllərin.

O nəydi başına tökdü əllərin,

Kül olub qaraldın, vaxtsız-vədəsiz?!

Söylədin gəlirəm, aşmışam dağı,

Bəs niyə gecikdin bu qədər axı?!

Oynadır qəlbimi bir həzin ağı,

Yarı yolda qaldın, vaxtsız-vədəsiz?!