Əbülfət Mədətoğlu - İYUN  ŞEİRLƏRİ

Gündəm 13:35 / 03.08.2026 Baxış sayı: 499

Düşübdü

(Bağ şeirlərindən)

Dolu elə budayıb ki, ləcəklər

Xəlbirlənib üzü üstə düşübdü...

Boy göstərən körpə şüylər, pöhrələr -

Budanıbdı - dizi üstə düşübdü!..

Sel suları bənd, bərəni dağıdıb

Qarşısına nə çıxıbsa axıdıb!...

Buludların yelinləri sağılıb -

Kimlər isə qorxub, xəstə düşübdü...

Zamanında sən etsən də nə niyyət

Cəzasını qəfil verir təbiət...

Bircə anda çalxalandı kəmiyyət -

Zil gedənlər, yenib pəstə düşübdü!

 

ƏHATƏ DAİRƏNDƏ

Çəkilib bir kənarda oturanda

O qədər də maraqlı olmur adam...

Mən səni düşünəndə görürəm ki,

Bu qədər yaxınam, o qədər yadam -

Əhatə dairəndə...

Gördüyüm iş ,yazdığım sözlər kimi

Bütün sıralarda sonun sonunda...

Mən tarın əlavə edilmiş simi -

Səsi xoşgəlmir kiməsə onun da -

Əhatə dairəndə!

Varlığım yoxluğumu kölgələyir ,

Yoxluğum da varlığımı açıqca...

Üz - gözümə nəfəs yox, kölgə dəyir -

Bunu da hiss etdirirəm , acıqca -

Əhatə dairəndə...

Dörd divara, bir tavana, bir yerə

Bağlamışam diqqətimi, gözümü...

Mən sevirəm gecə, gündüz - bir belə -

Amma görə bilmirəmki, özümü -

Əhatə dairəndə!

 

Ümidli ŞEİR

Ürəyimi tilsimləyən baxışın

Bircə anda lal elədi dilimi..

Dünya ilə kaş düz gəlsin naxışın -

Dua üçün mən açmışam əlimi!

Gözlərimdə gəzdirdiyim şəkilin -

Talehimin sənə bəlli "Sim-simi"!

Allah özü olub sənin vəkilin -

Onun isə heç kim bilmir tilsimin!

Xoşbəxtəmki, varlığına sevinib

Bu dünyada görə bildim Cənnəti!

Yaradanım özü səni pir edib -

Buna şübhə etmirəm də mən qəti!

Layiq bilsən sinəmdəki taxtını

Qollarımda yellənçəyin qurular...

Biz birlikdə bu sevginin baxtını -

Yaşadıqca, bulanlıqlar durular!

 

Dan üzünün pıçıltısı

Göy üzü gülümsəyir -

Üzümə gözlərin tək...

Bu səhər sürmə deyil -

Göy üzün gözünə çək!

Qanadlanan ruhumun-

İzi hopur səmaya...

Gözündən atəş damır -

Həm Günəşə, həm Aya!..

Bu cazibə dalğası

Buludları üşüdür...

Bunun var bir xatası -

Səsi - ürək eşidir!

Baxışının sehrində

Bir sevgiyə gülürsən...

Bu ipucu mehrində -

Ölüm də var, bilirsən!.

 

Yaşayıram...

Ümidlənib səslə, mehlə

Üz-gözümü yudum şehlə...

Bir az "ah"-la, bir az "eh"-lə -

Yaşayıram...

.

Dərd əbədi -qarı düşmən,

Yarı dostdu, yarı düşmən!

Bilə həsrət - barı, düşmən -

Yaşıyıram...

Əridikcə ünüm- ündə,

İtib -batır günüm gündə!..

Bilən yoxdu hansı gündə -

yaşıyıram!

Boşdu ömür qalaçası,

Qalaların balacası!..

Baxır gözün alacası -

yaşıyıram!..

Güc qalmayıb hay salmağa

Selbə atıb - pay salmağa....

Dəyərmi, belə qalmağa-

yaşıyıram?!

 

ÜRƏYİM

Sıxıntısı hiss olunmur duyulmur-

Təkliyinə bükülübdü ürəyim.

Elə bilmə daşlaşıbdı - soyulmur -

Neçə yerdən sökülübdü ürəyim!..

Heç adımı eşitmədim dilindən

De nə çəkdin sən mən adlı dəlindən?

Ovcundaydı, elə sıxdın əlindən-

Çiliklənib tökülübdü ürəyim!t

Həmsöhbətəm sorağınla, sədanla

Buna görə nə inci sən, nə danla!..

Gecə, gündüz baxışınla, ədanla -

Şumlanıbdı, əkilibdi ürəyim...

Kipriyimi suya salır bu gilə

Varlığımı hisslərinə yurd elə...

Bu manqalın közü çoxdu, su çilə -

Artıq şişə çəkilibdi ürəyim!

 

Dənizə yağan yağış

 

Dənizə yağan yağış

Səni sular udacaq...

Şipşirin dadını da -

bu dəniz unudacaq...

Bircə balıqlar səni -

Muncuq kimi sayacaq...

Sənin damlalarınla -

Üz-gözünü yuyacaq...

Qağayılar havada

Tutmağa cəhd edəcək...

Damlalar dimdiklərdən -

Yayınıb yan gedəcək...

... Sən suların yanağın

Həsrətli tək öpürsən...

Qovuşmaqçün sevginə -

Yağış, qurban gedirsən!..

 

ANLAŞILMAZLIQ

Sabahın xeyir şeir,

Sabahın xeyir qələm !

Bu yağışlı gecədə

Olmuşam bələm - bələm -

Fikirlərə...

Ulduz kölgə salmayıb

Ay xəyala dalmayıb...

Tay ümidim qalmayıb,

Bu yağışlı gecədə -

Zikirlərə...

Təklikdən sıxıldığım

Sirr deyil yıxıldığım...

Öpərək sığındığım ,

Bu yağışlı gecədə -

Şəkillərə...

Axşamın xeyir qələm

Axşamın xeyir şeir....

Bu açılan sabaha

Hər kəs istəyin deyir -

Bənd olma vəkillərə...

 

İçimdə oxunan ŞEİR

("Bir Qadına" silsiləsindən )

Oxşayıb ləpələri

Pıçıldadım adını...

İstədim dəniz duysun -

Qız, adının dadını !

İçimdəki duyğunu

Hördüm saçın uyğunu...

Qarışdırma yuxunu -

Həyatımın QADINI!

Sən möcüzə etmisən

Muradına yetmisən !

Tilsimləyib getmisən -

Bir şair Həyatını!

 

MƏN

Çəkilib getdi hər kəs

Bir təklik qaldı, bir də mən...

İçimdə titrədi bir səs -

Hələ ki, təkəm , yerdə mən!

Bu ömür küt getmiş fətir

Bir az da tər hopmuş ətir...

Misra-misra, sətir - sətir -

Bir az varam şeir də , mən...

Salıb həsrət məni atdan

İbarətəm quru addan...

Sim-simi çıxartdın yaddan -

Batıb qaldım , o sirdə mən!

 

Cavabsız sual

Üstümə kölgə düşüb -

Kədərdi...

Kədər donun dəyişib -

Qədərdi...

Günün calağı yoxdu,

Yoxun balağı yoxdu!..

Ayla talağı yoxdu -

Hədərdi...

Yola verib cüməni

Tikdimm bu boş küməni...

Görməyibsə kim məni -

Nə dərdi!..

Ömrün budağı əylib

Dilin dilçəyi yeylib...

Nə vardı hamsı deyilib -

Nətərdi?!

 

Dünən daha bir əzizimi, doğmamı 60-a çatmamış qəfil İTİRDİM... Namərd ÜRƏK... Namərd ÖLÜM!..

ÖLÜM

De, bəlkə küləksən anidən əsən

Ya daşsan sürüşüb qəfil yol kəsən...

Olanlara inanmaq olmur bəzən -

Ölüm?!.

Fərq qoymur kimdi, ya hansı təbəədi,

Dəyişmir heç vaxt ünvanı, məbədi!

Varsan bütün zamanlarda əbədi -

Ölüm!

Bütün göz yaşların, səsləri udur

Səbrini həmişə gizlində tutur!..

Hər kəsə deyir ki, sakitcə otur! -

Ölüm...

Varlığı bəllidi, yerini bilən

Yoxdur ki, hay salsın "Ölüm"- dü gələn...

Hamıya, mənə də sonuncu gülən -

Ölüm!

 

Dünənki gecənin ŞEİRİ

Qoymadım ki, yuxu sərsin üstünə

Kipriyimdən yenə asdım gecəni...

Səhərəcən dayanaraq qəsdinə -

Çözdüm min yol , mən ağlımdan keçəni...

Ulduzların minidən ötən sayını

Ay elə ki, bədirləndi - itirdim...

Düyün saldım fikirlərin yayını -

Bu gecəni "qaç-qov" ilə bitirdim!..

Gizlədərək ürəyimin ağrısın

Gözlərimin kökünəcən sıxıldım...

"Dözüm" adlı Allahın son sarğısın -

Daşıyaraq dizinəcən...yıxıldım!..

Bu gecənin arxasınca su atıb

Səhərində gün görməyi ummadım....

Yorulubdu, qolumda saat yatıb -

Bu gecə mən, heç gözümü yummadım!..

 

Əbədi ayrılığın ağısı

Yorur məni fikir çəkmək, ah çəkmək

Heç bilmirəm necə çıxım quyudan....

Həsrət edib ürəyimi lap lək-lək -

Tənhalıqdı əllərimi soyudan...

Düşündükcə dönməyəcək anları

Həyat düşür damcı kimi gözümdən!..

Mən canımdan qopub gedən canları -

Qaytarmağa yol tapmıram özümdən!..

Günahını yumuram da kiminsə

Qədərimin şələsidi çiynimdə...

Etiraf da eləmərəm , bilinsə -

Çəkdirdiyin yaraşıqdı əynimdə!..

Əzablıdı dörd divarla danışmaq

Dilim bəzən heydən düşür, söz itir...

Qaçılmazdı axirətlə barışmaq -

Orda axı söz gücsüzdü...söz bitir!

 

Vaxtı...

Gecəm qara, gündüzüm də dumanlı

Ümidimin özü belə gumanlı...

Ətrafımda neçə cürə imanlı -

Öz -özümlə anlaşmadım, heç vaxtı...

Sən xəyala çox da dalma, amandı

Ürək andır sızıldayan kamandır...

İndi elə bir qəribə zamandır -

Heç bilmirsən nə vaxt gəlir , köç vaxtı...

Dağ dərəyə kölgə salmır - küsübdü

Dərə dağdan tay əlini üzübdü...

Qədər sənin , son badəni süzübdü -

Ay Əbülfət, götür-qoy et, seç vaxtı...

 

Aşağı...

Gözümə yük olan yorğunluğumu

Çırpdım kipriyimdən yaxam aşağı...

Səni göy üzündə axtardığımdan -

Çəkindim nə vaxtsa baxam, aşağı!..

Əyildi üstümə həm duman , həm çən

Çiləndi ömrümə nöqtə, nöqtə dən...

İstədim özümü uca nöqtədən -

Qaldırıb başıma , çaxam aşağı!

Çırpıntı içində yaralı Qu tək...

Qalıb öz-özüylə Əbülfət - bu, tək!

Bacara bilmədim, bir damcı su tək -

Sızıb qayalardan axam aşağı!..

 

Heç nə...

Donub bütün istəklər

Qalmayıb isti heç nə...

Altda hər şey maraqlı -

Tay onun üstü...heç nə!..

Adımı andırmadı

Eşqə inandırmadı!..

Od ki, əl yandırmadı -

Tay oldu tüstü...heç nə!..

Çox yüyürdük, çox qoşduq

Keçmədi xoşa-xoşluq!

Ölümdən o yan boşluq -

Deməli qəsdi heç nə!

 

Titrəyən dodaqlar, gizlənən gözlər!..

Yuxumu didərgin , özümü dəli

Edib , mənim kimi dözümü, dəli!

Deyəcəm hər yerdə sözümü , dəli -

Titrəyən dodaqlar, gizlənən gözlər!..

Ahım ayaq altda, günüm ələkdə

Ruhum qundaq kimi donur bələkdə...

Heç nə hiss etdirmir susan mələkdə -

Titrəyən dodaqlar, gizlənən gözlər!..

Qəlbimi etsən də həsrətə daxma

Dolan buludları üzünə taxma!..

Adımı söyləmə, şəklimə baxma -

Titrəyən dodaqlar, gizlənən gözlər!..

Yolum kəsişmədə, izim keçitdə

Ürək yorulubdu, ömür keçib də!

Məni ta görməzsən bizim keçitdə -

Titrəyən dodaqlar, gizlənən gözlər!..