ÇAŞQINLIQ - Ələddin Əzimli

Ədəbiyyat 13:51 / 01.08.2026 Baxış sayı: 539

 

Bir də yolum düşəcəkmi

o küçədən?

Mən bilmirəm,

bilən varsa desin mənə.

Yuxusuzam,

duyğusuzam o gecədən.

Çağırıram,

səsləyirəm,

amma çatmır səsim ona.

Xəbər yoxdur,

cavab yoxdur

sorağıma, çağrışıma.

Dolaşıram küçələri

mən sərsəri külək kimi.

Hərdən yorğun bir meh kimi

yalqız, səssiz, təkbaşına.

Sıxılıram,

darıxıram,

dünya isə öz işində.

Zaman məni qabaqlayır.

Yan-yörəmdən ötənlər də

elə bil ki görmür məni.

Həyat, varlıq

öz əbədi gərdişində.

İtirmişəm o ünvanı-

o küçəni.

İmkan varsa,

yol göstərin, kömək edin,

necə geri qaytarım mən

o gecəni?