Könül  Nuriyeva - Ailə…

YAZARLAR 10:04 / 01.08.2026 Baxış sayı: 467

 

Deməli, məsələ əslində sadədir. Son vaxtlar yayılmış və israrla beynimizə, xüsusiylə gənc qızlarımızın beyninə yeridilən fikirlərdən yazacağam.

Əvvəl onunla başlamaq istəyirəm ki, qadın qab yuyar, paltar yuyar, ev təmizləyər, işləyər, gəzməyə gedər, istirahət edər, özünə baxar, ailəsiylə bütün və tam olar…

Yəni, bu işlərin görülməsi ailəyə sevginin əlamətidir. Vallah bilənlər bilir, uşaqlar soğanlı və soğansız yemək sevirlər deyə, mən qaz plitəmi 5 gözlü almışam. Hərəyə ayrı yemək bişirirəm. İşimin kökündə sevgi durur. Amma həmin yeməkləri hazırlayanda bəzi işlərin görülməsi üçün sözsüz ki, evdən kömək alıram. İncəlik də elə buradan başlayır. Gənc qızlara “ev işləri pisdir, əsas gəzməkdir, niyə ərə, uşaqlara baxmalısan ki, özünə baxmağa vaxt ayır” demək əvəzinə başqa cümlələr deməliyik. Bir çox psixoloqlar və bloggerlər isə ailə kimi dərin dəyərə birtərəfli münasibət sərgiləyirlər.

Düzgün fikirlər isə belə deyilməli və yazılmalıdır: ailə bir dövlətdir, nə qədər də kişi kənardan evin böyüyü kimi görünsə də, əslində onu hər mənada qadın idarə edir. Amma bildiyimiz uca səs tonu, əmrlər və acıqla yox. Təbii ki, incəliklə… Evdə pərdələrdən başlamış pilləkəndəki ayaqqabılara kimi nəzarət qadının tərbiyəsi və davranışının nəticəsidir. Yəni, sənin yoldaşın sənin səliqəli olduğunu görüb onu pozmamağa cəhd göstərəcək. Yəni, sənin uşaqların balacalıqdan anlayacaq ki, paltarı yerə atmaq olmaz, soyundunsa vanna otağındakı zənbilə yığmalısan, hər səhər yatağını yığmalısan, işə tələssən də, tələsməsən də. Yedinsə, qabını stoldan götürməlisən, yemək qalıbsa soyuducuya qoymalısan, paltarını özün ütüləməyi lazım gələndə bilməlisən. Bunları öyrədən qadındır.

Evin gəlirini-çıxarını hesablayan və nizama salan da qadındır. Yoxsa o evdə pul yığmaq olmaz.

Yəni, əslində bir evi, bir ailəni idarə etmək çox maraqlıdır. Niyə onu söhbətlərinizlə bayağı hala gətirib, adiləşdirirsiniz?

Bura birlikdə qış üçün tədarük edilən şorabalar, mürəbbələr də aiddir. Bura həmçinin birlikdə edilən rayon səfərləri, axşamlar Dəniz mall-da və ya Filarmoniyanın bağında içilən çaylar da aiddir. Bura çimərlik də aiddir, bura övladının universitet xəvərinə sevinmək də aiddir, o xəstələnəndə səhərə kimi yatmamaq da aiddir.

Bəzən isə sadəcə danışmadan kürəyini ailənə söykəmək də aiddir. Sadəcə oturursan və danışmırsan…

Xəyalından isə yaşadıqların və hələ yaşamaq istədiklərin keçir…

Mən demirəm ki, qadın özünə baxmasın, vaxt ayırmasın. Ana gözəl görünəndə ailənin ürəyi açılır. Hamı sevinir. Ona qarşıyam ki, qadını təkliyə sövq edirlər, ailə dəyərlərini aşağı salırlar, birlikdəliyi mənasızlaşdırırlar, qadını iş makinəsi kimi təqdim edirlər, qadını yorulmuş və tükənmiş təqdim edirlər…

Yorulanda bir söz deyə bilərsən,— mən yorulmuşam, bu gün özünüz özünüzə baxın. Yorğunluğum çıxsın, işlərimi görərəm. Bu qədər sadədir…