Nazim Əhmədli - DAHA YOLMU GÖZLƏMƏ
31.07.2026.
Oslo, Bərum.
Özümə bir dua yazım,
atım, göyün ortasına;
sonra, sonra da, and içim,
bu günün günortasına;
yapışım, bir ağ buluddan,
qoy aparsın, külək məni;
yuxumda sevib oxşayır,
bir ağılsız mələk məni;
bax, bir azdan, ulduzlar da,
silkələnib töküləcək;
tanrılar da, göy üzündən,
uzaqlara çəkiləcək;
axı, bizi kim danışıb,
bir yalançı nağılıq, biz;
yalan - yalan yuxulardan,
bu dünyaya doğulduq, biz;
mən də, bir eşqin zəvvarı,
ağ buludlar yetim-yetim;
hələ, bir az da yolum var,
hava qaralınca gedim;
onsuz da, yollar qısadı,
bir gün gələr axır, çatar;
dəli-dəli sevdalardan,
mənə də bir nağıl çatar;
payız da, qış da, ləngiyir,
yazı, yayı da, bilmirəm;
daha yolumu gözləmə,
birdən, qayıda bilmərəm.