Səhər Əhməd - Mövsümü gəldi bu şeirin…
Dibçək güllərini suladım öncə,
Saralıb büzüşmüş yarpağı üzdüm.
Təmasdan sevinən biçarələri
Açıq pəncərənin önünə düzdüm.
Beş yaşlı oğlumun yatmazdan qabaq,
Çəkib şifonerə yapışdırdığı
Mənə bənzəməyən rəsmimə baxdım,
Qəfildən oğlumçün yaman darıxdım.
Komodun tozlanmış güzgüsün sildim,
Orda da əksimə baxdım və güldüm.
Haçandı görmürdüm sanki üzümü,
Baxdım ki toz basmış təbəssümümü.
Həzin bir mahnıya başladım sonra,
Uşaqkən anamın xoşladığından.
Mahnı da sevindi dodaqlarımda
Şad oldu hələ də yaşadığına.
Yemək də bişirdim, çayı da süzdüm,
Yemiş də doğradım, qarpız da kəsdim.
Dəyişdim masanın boz örtüsünü,
Ən təzəsin seçdim, ən güllüsünü.
Bir azdan uşaqlar gələcək evə,
Dağıdıb tökməyə nəsə tapsınlar.
Sonralar mənsiz də yaddaşlarında
Şəklimi çəkməyə nəsə tapsınlar.