Könül Nuriyeva - Billmirdim, ölüm necə olu

Ədəbiyyat 09:33 / 30.07.2026 Baxış sayı: 452

Billmirdim, ölüm necə olur,

nə rəngdə olur?

Nə vaxt gəlir, qapını döyürmü,

zəngi basırmı?

Sakit gəlir, yoxsa qışqırıb-bağırırmı?

“Ay qonşu, ay adam” deyə səsləyir,

yoxsa məni adımla çağırırmı?

O gələndə mənim yaşım qırx idi,

Anama zəng etmişdim,

edirdik kiminsə qeybətini,

tərəziyə qoyurduq ömrümüzün qiymətini

Çəkidə hansımızın bəxti ağır gələrdi

Anam ölüm sayan deyildi,

elə gözəl gülürdü ki, heç ölməli adam deyildi.

Düzünə qalsa, nə qapımızı döydü,

nə bizi səslədi,

etdiyi bu iş oldu,-

gəldiyi gün göyü qapqara buludla bəzədi, süslədi…

Axşam tərəfi duman etdi yolları,

mən yatanda,

demə anamgilə uzanıbmış qolları…!

O gələndə gözüm yumulu idi,

yatmışdım, şirin yuxu görürdüm,

görürdüm ki, anam çiçək toplayır

daha ağlamır, dərdlərindən cələng bağlayır.

Ayılanda anamı qaçırmışdı

mənim başıma ağır iş açmışdı…

Üstümə ölüm palçığı sıçratmışdı.

Əlimi sağıma, soluma atdım,

gec də olsa dalıyca qaçım,

avamdım, deyirdim ki, bəlkə çatdım

onu görsəm ağır sözlər deyim, alçaldım,-

Adam mərd olar, kişi olar

Adın ölüm olanda nə olar ki,

ana oğurlamaq namərd işi olar.

Başına gələnlər bilir, daha nə söyləyim,

ha qaçdımsa, mən onlara çatmadım

anamdan sonra uzun illər

ürəyim sakitcə şeir yazdı

dilimlə bir qafiyə açmadım…

Necə oldusa, azaldı göz yaşları

Daha məndə vahimə yaratmır

baş daşıları

yetim olur anasını itirən adam

yolunu azır, təzə adı olur,- qəlbini şeytana satan

çox olur yetimə yerli-yersiz daş atan

arzuları dərin quyuda batan,-

deyir ona çoxu

tənha gecələrdə yaman incidir ürəyimi

anasızlıq oxu…

Anamdan sonra

heç bilmədim nə vaxt, nə zaman

mənim xəbərim olmadan

dərdli ürəyim sevmiş birini

başqa cür yox, elə yetim kimi

Həmin gündən bəri hey düşünürəm,-

görəsən ölüm aparmaz sevgilimi?!

Axı oğurluqdu onun işi,

axı bilmir adamların keçmişini,

axı apardığını gətirmir

axı şübhə qəlbimi gəmirir,

Uzaqda qaraltı var,-

gələn ölüm adlı gəmidirmi?