Şövkət Zərin Horovlu - Ata
Atamın anım günündə.
O günlər elə bil şirin nağıldı,
Bir dünya qurmuşdum uçdu,dağıldı.
Həsrətin qəlbimdə düyün,dağ oldu,
Ustümü duman, çən qar aldı , ata!
Bir vaxtlar təzə, tər çiçəyin idim,
Şirinin,şəkərin,göyçəyin idim.
Sənsizlik içində boşalan qəlbim,
Qürbətin əlindən bezardı,ata!
Səniydin vüqarım,dilində adın,
Məni isidərdi, ocağln-odun.
Xəyanət əlilə talandı yurdum,
Xəyallara döndü nə vardı, ata!
Əlləri uzalı bozlayan mənəm,
Çiynimə yüklənib, qalaq-qalaq qəm.
Səni ziyarətə gələ bilməsəm,
Ölsəm ,od tutacaq məzar da, ata!
Bu dünya gözümdə qoydu arzumu,
Qəm üstdə koklədi könül sazımı.
Əgər bacarsaydı alın yazımı,
Şövkət, öz əlilə pozardı , ata!
1997