Aləmzər Sadıqqızı - Bilmirsən..
.
Səndən öncə yaşamışam bilirəm,
Amma necə yaşamışam bilmirsən.
Taleyimdə Ana adlı ağrını ,
Necə , nə cür daşımışam bilmirsən...
Mən anadan Ana kimi doğuldum...
Əvvəl-əvvəl bir həsrəti böyütdüm.
Ay dolandı, il dolandı əzizizim...
Fəsil-fəsil dərdlərimi göyərtdim.
Sən hər yerdə mənimləydin bilirəm...
Addım-addım ürəyimdə yol gələn,
Yorulanda əllərimdən tutanım,
Darıxanda ürəyimə su səpən...
İllər ötdü yanımızdan görmədik,
Bir şəhərdə yadlar kimi yaşadıq.
Bəlkə elə dönə-dönə rastlaşdıq,
Tanısaydıq bəlkə çoxdan qoşaydıq
Durub indi həyatıma gəlmisən...
Həyatımın heç olmayan adamı.
Heç bilmirəm necə dönüm başına,
Bilmirəm ki, necə alım qadanı...
28. 7.2010